Dövlətin sosial siyasəti davamlı xarakter daşıyır- TƏHLİL

Problemli kreditlərin həlli ilə bağlı fərman dövlətin öz vətəndaşlarına qayğısının təzahürüdür

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Son illərin reallıqları ondan ibarətdir ki, ölkəmizin dinamik iqtisadi inkişafı sosial sahənin də yüksəlməsinə səbəb olub. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafəsini də gücləndirmək üçün möhkəm zəmin yaradıb. Artıq iqtisadi inkişafın, uğurla həyata keçirilən yeni neft strategiyasının elə bir mərhələsini yaşayırıq ki, indi nəinki problemlərin həlli, o cümlədən yeni sosial layihələrin həyata keçirilməsi üçün dövlətin kifayət qədər maliyyə imkanları var. Ölkədə həyata keçirilən uğurli iqtisadi yasət nəticəsində dövlət büdcəsinə vəsait daxilolmalarının artımı dinamik inkişafın göstəricisi kimi qəbul edilməlidir. Məlumat üçün qeyd edək ki, yanvar ayı ərzində büdcəyə 105 milyon manat əlavə vəsait daxil olub. Etiraf edilməlidir ki,  bu, həyata keçirilən struktur islahatları, eləcə də şəffaflığın təmin ediolməsilə bağlıdır. Yeni idarəetmə sisteminin qurulması və şəffaflığın təmin olunması artıq öz təsirini göstərməkdədir. Prezident İlham Əliyevin sosial siyasətinin fəlsəfəsi də ondan ibarətdir ki, ölkəmizdə aztəminatlı, yoxsul insan olmamalıdır. Prezident İlham Əliyevin verdiyi bütün vədləri yerinə yetirməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri addımlar atması ölkəmizin tərəqqisinə və möhkəmlənməsinə gətirib çıxarıb. Ölkəmizin maliyyə imkanlarının çoxalması adekvat olaraq xalqın sosial rifahının, güzəranının daha da yaxşılaşdırılması ilə müşayiət olunur. Məhz yürüdülən siyasətin nəticəsidir ki, dövlət başçısı Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Etiraf edilməlidir ki, dövlət başçısının sözügedən fərmanı ölkə vətəndaşlarının uzun müddətdən bəri həllini gözlədiyi kreditli problemlər məsələsinin kökündən həllini təmin edəcək. Millət vəkili Gövhər Baxşəliyeva deyib ki, prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində məhz insan amili, vətəndaşlarımızın rifahı dayanır. G.Baxşəliyeva bildirib ki, bu fərman xeyli sayda vətəndaşın probleminin həllinə, sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcək: "Əslində problemli kreditlər banklarla vətəndaşlar arasında olan bir məsələ idi, vətəndaşlar kredit almaqla banklar qarşısında öhdəliklər götürmüşdülər. Lakin dövlətimiz vətəndaşların bu öhdəliyini öz üzərinə götürdü. Bu fərmanla cənab Prezidentimiz təkcə vətəndaşların deyil, eyni zamanda bankların da problemini həll etmiş oldu". Deputat əlavə edib ki, bu baxımdan sözügedən fərman ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimul yaradan bir amildir: "Çünki problemli kreditlər səbəbindən həm bankların işi ləngiyirdi, həm də vətəndaş yenidən kredit götürüb hər hansı bir bizneslə və ya bu kimi başqa fəaliyyətlə məşğul ola bilmirdi. Lakin artıq bu problem öz həllini tapdı, həm banklar, həm də vətəndaşlar üçün yeni imkanlar açıldı. Bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, cənab Prezidentin bu fərmanı problemli kreditlər məsələsini həll etməklə yanaşı, iqtisadi inkişafa, o cümlədən sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, yeni iş yerlərinin açılmasına, bank sisteminin möhkəmlənməsinə səbəb olacaq". G.Baxşəliyeva vurğulayıb ki, bu fərman dünya ölkələri üçün də nümunəvi bir addımdır: "Prezident İlham Əliyevin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir. Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini nümayiş etdirdi. Birmənalı şəkildə demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır". Milli Məclisin deputatı Cavid Osmanov deyib ki,  vətəndaşların rifahının daha da yüksəldilməsi, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. C.Osmanov bildirib ki, ölkəmizin sosial-iqtisadi cəhətdən inkişafı davamlı xarakter daşıyır. Onun sözlərinə görə, islahatların ardıcıl olaraq həyata keçirilməsi inkişaf proseslərini daha da gücləndirir: "Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. Respublikamızda inklüzivliyin təmin olunması, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində görülən işlər dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür. Azərbaycan dövlətinin yürütdüyü dərinməzmunlu sosial siyasət, həqiqətən də, inqilabi xarakter daşıyır. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman da vətəndaşların problemlərinin həllinə dövlətin diqqəti baxımından böyük əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həllinə dair Fərmanı dövlətin hər zaman öz vətəndaşının yanında olduğunun, onun problemlərinin həllini daim diqqətdə saxladığının əyani ifadəsidir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31