Regional proqramlar Azərbaycanı idman ölkəsinə çevirib
1 Mart 2019 16:37 İqtisadiyyatAzərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Paralel olaraq qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət, sosial və idman infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Dövlət proqramlarının icrası müddətində Azərbaycanda idman sahəsi uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilib, ölkəmiz güclənib və hərtərəfli inkişaf edib. Regionlrın sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində regionlarda çoxsaylı idman olimpiya kompleksləri inşa edilib, müasir idman qurğuları ilə təmin edilib. Belə idman mərkəzlərindən biri də Beyləqan Olimpiya İdman Kompleksidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də sözügedən İdman Kompleksinin açılışında iştirak edib. Dövlət başçısına bildirilib ki, kompleksin tikintisinə 2018-ci ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 17,5 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin fevralında başa çatdırılıb. Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə istifadəyə verilən sayca 45-ci Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi 2,6 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Diqqətə çatdırılıb ki, 820 tamaşaçı yeri olan universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır. Beyləqan Olimpiya İdman Kompleksinin stolüstü tennis, bilyard, Şərq döyüş və trenajor zallarında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb. Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12,5 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 162 nəfər izləyə biləcək. Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Əlli yerlik mehmanxanada idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 50 yerlik konfrans zalı mövcuddur. Beyləqan Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.
Beyləqan Olimpiya İdman Kompleksinin açılışında prezident İlham Əliyev bildirib ki, bu mərkəzin yaradılması bizim idman siyasətimizin təzahürüdür, onu göstərir ki, doğrudan da Azərbaycan idman dövlətidir: "Biz çalışırıq bütün bölgələrdə, hər bir rayonda müasir idman kompleksləri tikilsin ki, gənclər, uşaqlar, yeniyetmələr idmanla məşğul olsunlar. Bu şəraiti biz yaradırıq. Deyə bilərəm ki, bu Olimpiya İdman Kompleksi ən yüksək dünya standartlarına cavab verir. Burada bizim gənc idmançılarımız məşq edəcəklər, yarışacaqlar və beləliklə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldıracaqlar. Bütün bölgələrdə bu istiqamətdə işlər gedir. Bu il əlavə iki Olimpiya İdman mərkəzinin açılışı gözlənilir. Yəni, Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır. Bunun nəticəsində bizim idmançılarımız beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında yüksək nəticələr qazanırlar. Hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, idmançılarımız bu gün dünya miqyasında ən yüksək zirvədədirlər. Bunu Olimpiya Oyunları da göstərir. Keçən Yay Olimpiya Oyunlarında medalların sayına görə bizim komandamız dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi bir qələbədir. Çünki biz bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Dünya və Avropa çempionatlarında da bizim idmançılarımız ən yüksək nəticələr göstərərək bayrağımızı zirvələrə qaldırırlar". Dövlət başçısı əlavə edib ki, idmanla məşğul olmaq üçün şərait olmalıdır. Bu şərait yaradılır. Bakı şəhərində ən mötəbər idman yarışları keçirilir - Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya çempionatları. Bölgələrdə bu şərait yaradılır ki, idmançılar, gənclər idmanla məşğul olsunlar: "Əminəm ki, rayon sakinləri də bu imkanlardan istifadə edəcəklər. Çünki hər bir vətəndaş idmanla məşğul olsa, daha sağlam olar. Çünki idman sağlamlığın rəmzidir. İdmançılar həm fiziki, həm də mənəvi cəhətdən sağlam olurlar. Bizim idmançılarımız yarışlarda da, məişətdə də yüksək nümunə göstərirlər. Biz idmançılarımızla haqlı olaraq fəxr edirik. Bizim görkəmli idmançılarımız, Olimpiya çempionlarımız, dünya çempionlarımız,- onlardan biri bu gün burada iştirak edir,- bizim fəxrimizdir. Onlar gənclər üçün gözəl nümunə göstərirlər. Gənclər vətənpərvər, peşəkar, fiziki cəhətdən güclü olmalıdırlar. Mən görürəm, Beyləqan idmançılarının medalları kifayət qədər çoxdur. Siz bu medalları yarışlarda qazanmısınız. Beyləqanda çox güclü güləş məktəbi vardır. Bu ənənələr yaşayır, yaşayacaq. Əminəm ki, bundan sonra da Beyləqan ölkəmiz üçün gözəl idmançılar yetişdirəcəkdir. Biz isə çalışacağıq ki, bundan sonra da idmanın inkişafı ilə bağlı lazımi addımları ataq. Çünki idman Azərbaycanda dövlət siyasətidir. Bunu demək olar ki, bütün beynəlxalq idman qurumları qeyd edir, yüksək qiymətləndirir və məhz buna görə Azərbaycanda çox böyük beynəlxalq yarışlar keçirilir".
Belə idman mərkəzlərindən biri də Biləsuvarda inşa edilən Olimpiya-İdman Kompleksidir ki, artıq rayon sakinləri bu idman kompleksindən səmərəli istifadə edirlər. Xatırladaq ki, sözügedən Olimpiya-İdman Kompleksinin açılışında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyeva iştirak edib. Məlumat üçün qeyd edək ki, 6,5 hektar ərazidə yerləşən kompleksin təməli 2007-ci ilin fevralında qoyulub. Tikintinin gedişində burada hər ay orta hesabla 100 nəfər işləmiş, onların orta aylıq əmək haqqı 350-400 manat təşkil etmişdir. Kompleksə 910 tamaşaçı tutan tribunaları olan əsas idman salonu, 25 metrlik üzgüçülük hovuzu, müasir idman avadanlığı quraşdırılmış kiçik və böyük trenajor zalları, məşq zalları, şahmat otağı, stolüstü tennis salonu və yardımçı otaqlar daxildir. Yüz nəfərlik yeməkxanası olan kompleksin ərazisində 50 yerlik mehmanxana, habelə ikimərtəbəli iki kottec də tikilmişdir. Müasir standartlara cavab verən kompleksdə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün lazımi şərait var. Kompleksin ərazisi tam abadlaşdırılmış, müxtəlif növ dekorativ ağaclar və gül kolları əkilmişdir.
Masallı Olimpiya İdman Kompleksi də 2007-ci ildən istifadəyə verilib. Kompleksin təməli 2004-cü il noyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev tərəfındən qoyulub. Kompleksdə 700-dən çox tamaşaçı yeri olan böyük salonda bütün əl oyunları, mini-fiıtbol, güləş və digər idman növləri üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür. Uzunluğu 25 m. olan üzgüçülük hovuzu Avropa ölkələri layihəsi əsasında inşa olunub və beynəlxalq standartlara uyğundur. Bu kompleksdən cənub zonasında yerləşən digər rayonların idmançıları da istifadə edirlər. Masallının mülayim iqlimi, əlverişli coğrafı mövqeyi burada Azərbaycanın müxtəlif idman növləri üzrə yığma komandalarının təlim-məşq toplanışlarının, beynəlxalq yarışların keçirilməsinə əlverişli imkan yaradır. Kompleksin ərazisinin ümumi sahəsi 3.5 ha-dır. Burada park salınıb, su təchizatı üçün artezian quyusu qazılıb. 10 kilovoltluq yüksək gərginlikli elektrik xətti cəkilib və 160 kilovatlıq transformator quraşdırılıb. Elektrik enerjisinin verilişində fasiləsizliyi təmin etmək ücün əlavə olaraq 160 kilovatlıq dizel generatoru və 250 kilovatlıq gərginlik tənzimləyicisi də qoyulub. İstilik təchizatı üçün ərazidə qazanxana tikilib, Türkiyədən müvafıq avadanlıq gətirilib. Polşa, Çexiya və Türkiyə istehsalı olan avadanlıqdan istifadə olımmaqla ventilyasiya sistemi quraşdırılıb. Kompleksin ümumi sahəsi 6230 kv.m. olan 3 mərtəbəli binasının tikintisində yerli xammal və materiallardan da istifadə edilib. İdmançıların həkim yardımından istifadə etməsi üçün lazımi avadanlıqla təchiz olunmuş tibb məntəqəsi yaradılıb.
Qusar şəhərində Olimpiya İdman Kompleksinin açılışı 2008-ci il sentyabrın 27-də olub. Şəhərin ən mənzərəli yerində, meşə kənarında tikilmiş bu kompleksin təməli 2005-ci ilin iyulunda Azərbaycan Prezidenti tərəfindən qoyulub.14 hektar ərazidə yerləşən kompleksin əsas korpusunun ümumi sahəsi 5 min kvadratmetrdir. Bu korpusda universal 1530 və 450 yerlik tribunaları olan iki idman salonu, 25 metrlik üzgüçülük hovuzu, stolüstü oyunlar üçün otaqlar, trenajor salonu, yeməkxana, yardımçı otaqlar yerləşir. Üzgüçülük hovuzunda isə yarışları 316 nəfər izləyə bilir. Kompleksin ərazində iki ədəd tennis kortu və dördnəfərlik kotteclər yerləşir. Ərazidə geniş və yaraşıqlı istirahət parkı salınıb. Göygöl İdman Kompleksi isə 21 yanvar 2014-cü ildən fəaliyyətə başlayıb.İdman Kompleksinin binası 3 Blokdan ibarətdir. Binanın giriş hissəsində sahəsi 450 m2 olan foye, 50 nəfərlik kafe yerləşir. Kompleksdə güləş, trenajor zalı və sahəsi 164 m2 olan terrassa, boks və konfrans zalları yerləşir. Üzgüçülük zalında hovuzun ölçüsü 25x12.5 metr, tamaşaçı oturacağı yerlərinin sayı 102 nəfərlik, 2 ədəd soyunub-geyinmə otağı, 2 ədəd sauna fəaliyyət göstərir. Tamaşaçı oturacağı yerlərinin sayı 800 nəfərlik olan kompleksdə VİP tribuna yerləşir. Bundan başqa I və II mərtəbələrdə 17 ədəd 2 nəfərlik idmançılar üçün yataq otaqları (cəmi 34 nəfərlik) və 2 ədəd tamaşaçılar üçün sanitar qovşaqlar vardır. Kompleksin ərazisində 5 ədəd 2 mərtəbəli Kottec binaları inşa edilib. Kotteclərdə 1 qonaq otağı və 4 ədəd 2 nəfərlik yataq otaqları var. Hər bir kottecdə 8 nəfər yerləşməklə Kotteclər üzrə yerləşmə sayı 40 nəfərdir. Göygöl İdman Kompleksinin ərazisində 34 yataq yerli 17 otaqlı mehmanxana da inşa edilib. Həmçinin, futbol stadionu, süni ot örtüklü meydança, stadionun ətrafında yüngül atletika yarışları üçün epidem örtüklü 6 zolaqlı 100 metrlik qaçış zolağı, uzunluğa tullanma cığırı inşa edilib. Eyni zamanda stadionda üstüörtülü 1300 tamaşaçı oturacağı yerlik tribuna inşa edilib, elektron tablo quraşdırılıb. Bundan əlavə ərazidə 40x24 metr ölçüdə mini futbol meydançası və 18x9 metr ölçüdə süni örtüklü Voleybol meydançası inşa edilib, meydançaların ətrafı 6 metr hündürlükdə metal-məsaməli hasara alınıb və işıqlandırma sistemi ilə təchiz olunub. Sadalanan faktlar deməyə əsas verir ki, regional proqramlar Azərbaycanı idman ölkəsinə çevirib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir