Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır- Təhlil
1 Mart 2019 13:35 İqtisadiyyatBu, artıq dünya birliyi, beynəlxalq maliyyə institutları tərəfindən təsdiq olunmuş faktdır
Son aylarda dövlət başçısı tərəfindən əhalinin sosial rifah halının yaxşılaşdırılması iqtiqamətində atılan mühüm addımlar bir tərəfdən dövlətin hər zaman vətəndaşın yanında olduğunu açıq şəkildə sübuta yetirirsə, digər tərəfdən Azərbaycanın artan iqtisadi qüdrətini tərənnüm edir. Çünki iqtisadiyyat inkişaf etmədiyi təqdirdə sosial sahədə hər hansı uğurlu, ən əsası vətəndaşların mənefeyinə xidmət edən addımlar atmaq mümkün deyil. Elə millət vəkili Nəsib Məhəməliyev də deyir ki, atılan bütün müsbət addımlar iqtisadiyyatımızın dinamik inkişafından xəbər verir. Onun sözlərinə görə, Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır: "Bu, artıq dünya birliyi, beynəlxalq maliyyə institutları tərəfindən təsdiq olunmuş faktdır. Bu inkişafın kökündə Ulu Öndər Heydər Əliyevin hərtərəfli düşünülmüş və əsasını qoyduğu dövlətçilik strategiyası dayanır. Ümummilli liderin 1990-cı illərdə müəyyənləşdirdiyi bütün strateji hədəflər, cənab Prezidentin zamana uyğun olaraq atdığı taktiki addımlar nəticəsində bir çox ölkələrin yüzilliklər ərzində keçdiyi inkişaf yolunu Azərbaycan qısa bir zaman kəsiyində nail oldu. Gəlin faktlara müraciət edək. İlk növbədə qeyd etmək yerinə düşər ki, həyata keçirilən BTC, Bakı-Ərzurum, Bakı-Supsa, TAP, TANAP kimi neft-qaz kəmərləri, Şərqlə Qərbi birləşdirən Bakı-Tibilisi-Qars dəmir yolu, tarixi İpək Yolunun bərpası, Ələt ticarət və hava limanlarının tikintisi, şimal-cənub dəmiryolunun birləşdirilməsi təbii olaraq Azərbaycan iqtisadiyyatının əsasını təşkil etməklə yanaşı ölkəmizi beynəlxalq nəqliyyat qovşağına çevirib. Son 15 ildə ÜMD 3,3 dəfə artmışdır, ölkəyə 250 milyard dollar sərmayə qoyulmuşdur, valyuta ehtiyatları artaraq 45 milyard dollara çatmışdır, sənaye istehsalı 2,6 dəfə, maaşlar 7 dəfə, pensiyalar 9 dəfə artıb. 2 milyon yeni iş yeri yaradılıb. Azərbaycan bir çox ölkələrə, ələlxüsus da qardaş Türkiyəyə sərmayələr qoymuşdur. Bu da gələcəkdə Azərbaycana iqtisadi dividentlər gətirəcəkdir. Hər bir azərbaycanlının qürur hissinə çevrilmiş, dünyanın ən güclü orduları siyahısına düşmüş ordumuz formalaşıb. Ordumuzun saxlanılmasına, texniki təchizatına, yeni silahların alınmasına ayrılan vəsait bütövlükdə düşmən ölkənin dövlət büdcəsindən çoxdur. Bu da təbii olaraq zərurətdən doğur. Son illər Azərbaycanda, paytaxt Bakıda elə bir gün yoxdur ki, beynəlxalq tədbirlər, simpoziumlar, forumlar, idman yarışları keçirilməsin. Cənab Prezidentin apardığı aktiv xarici siyasət nəticəsində Bakı bir çox dövlətlərin, beynəlxalq təşkilatların dialoq apardığı məkana çevrilib. Hətta dünya supergüclərinin danışıqlar aparmaq üçün Bakını seçməsi də ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Təsadüfü deyil ki, Azərbaycan keçmiş SSRİ respublikaları arasında Rusiyadan sonra BMT TŞ-nın qeyri daimi üzvü seçilmiş və sədrlik edib". Millət vəkilinin sözlərinə görə, cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada güclü inkişaf olmasın: "Bütün bunların kökündə yalnız bir amil durur: Respublika Prezidenti cənab İlham Əliyevin yaratdığı sabitlik və Onun apardığı hərtərəfli düşünülmüş dövlətçilik siyasəti. Ölkəmizdə bütün sahələr üzrə islahatlar aparılır. Bu islahatlar daima aparılır və aparılacaqdır. Ötən il aprel ayında keçirilən prezident seçkilərindən sonra islahatlar daha da intensiv xarakter almışdır. Dövlət başçısı islahatların hansı istiqamətdə aparılacağı barədə sistemli şəkildə keçirdiyi Nazirlər Kabinetinin geniş iclaslarında bəyan edir və onların icrasına nail olur. Özünün də dəfələrlə qeyd etdiyi kimi islahatlar islahat xatirinə deyil, ancaq və ancaq Azərbaycan vətəndaşının rifah halının yaxşılaşmasına xidmət etməlidir. Buna görə də cənab Prezidentin apardığı sosial siyasətin kökündə insan amili durur. Burada xüsusi olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini qeyd etmək istərdim. Artıq iki ildir ki, birinci xanım ölkədə aparılan sosial siyasətdə çox böyük uğurlar əldə edib. Təkcə keçən il 5800 məcburi köçkün, 600-ə yaxın Qarabağ əlili, şəhid ailəsi yeni mənzillərlə təmin olunub. Təhsil, səhiyyə, mədəniyyət sahəsində aparılan işlər son vaxtlar pensiyaların, təqaüdlərin artması ilə bağlı verilən qərarlar dövlətin sosial siyasətə verdiyi önəmin nə qədər əhəmiyyətli olduğunu göstərir və bu da əhali tərəfindən çox yüksək qiymətləndirilir. Tam səmimi demək istəyirəm ki, cənab Prezidentin Mehriban xanımla birlikdə şəhid ailələri ilə, regionlarda əhali ilə görüşləri xalq tərəfindən necə də böyük sevinclə qarşılanır və bunu xalqa xidmətin ən böyük nümunəsi kimi qiymətləndirir. Əhəmiyyəti isə ondan ibarətdir ki, cəmiyyətdə sosial gərginlik yaranmır, xalq cənab Prezidentin apardığı siyasəti dəstəkləyir və öz gələcəyinə ümidlə baxır.
Azərbaycanın uğurlarını qısqanclıqla yanaşan bəzi antimilli qüvvələrin fəaliyyətinə gəlincə, millət vəkili deyib ki, bu barmaqla sayılacaq qədər bir neçə adamın apardığı çirkin kampaniya heç bir məntiqə, sağlam düşüncəyə sığmır və Azərbaycanın bugünkü inkişafını gözü götürməyən, sabitliyi pozmaq istəyən hansısa şər qüvvələr tərəfindən idarə olunur: "Heç kimə sirr deyil ki, hal-hazırda dünyada geosiyasi təsirlər uğrunda, ayrı-ayrı ölkələrə məxsus təbii sərvətlərin ələ keçirilməsi, sivilizasiyalararası artıq gizlədilməyən müharibə və bir çox neqativ proseslər gedir. Buna misal olaraq Yaxın Şərqdə,Tunis, Liviya, İraq, Suriya, Yəmən, Fələstin eyni zamanda bizə çox yaxın olan Ukraynada, Latın Amerikası ölkəsi olan Venesuelada gedən proseslərə nəzər salmaq kifayətdir. Bütün bu dağıdıcı proseslərin kökündə sadaladığım məsələlər durur. Demokratiya adı altında həmin dövlətlərdə 3-cü bir qüvvələri ələ alaraq həmin dövlətlərin siyasi hakimiyyətinə qarşı itaətsizliyə çağırırlar, onları silahlandırırlar və nəticədə milyonlarla insan həlak olur, öz yurd yuvalarından didərgin düşür, şəhərlər, kəndlər dağıdılır, infrastruktur məhv olur. Qədim tarixi olan ölkələr parçalanır, hətta parçalanmasa belə onların bərpasına yüzillər lazımdır ki, bu da bütöv xalqların faciəsinə səbəb olur. Bax budur reallıq. Azərbaycanın sərvətlərində maraqları olan ayrı -ayrı qüvvələr istədiklərini ala bilmədikləri zaman dərhal şər böhtan maşınını işə salır, xalqı aldatmağa çalışırlar. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqının mənafeyinə uyğun olmayan hər hansı bir layihəyə razılıq verməyəcəkdir. Məsələnin kökündə bu dayanır. Ancaq xalqımız müdrik xalqdır. 1990-cı illərin əvvəllərində bu hərc-mərcliyi, xaotik prosesləri yaşamışdır". Nəsib Məhəmməliyev qeyd edib ki, artıq güclü lider ətrafında sıx birləşmiş güclü dövlət, güclü xalq vardır: "Xalq artıq müxalifət adına populizm xatirinə, hətta bir birini qəbul etməyən dırnaqarası "liderlərin" sözlərinə inanmır, onları dəstəkləmir. Hər bir dövlətdə problemlər mövcuddur, ən inkişaf etmiş ölkələrdə belə. Problemsiz ölkə yoxdur. Azərbaycanın fərqi ondadır ki, burada Azərbaycan xalqının rifahını düşünən və ölkəni inkişaf etdirən siyasi rəhbərlik vardır. Mövcud problemlər sistemli şəkildə zaman-zaman öz həllini tapır. Xalqımızın isə əsas vəzifəsi odur ki, xalq-Prezident vəhdəti əsasında mövcud sabitliyi qorusun və Azərbaycanın xoşbəxt gələcəyinə öz töhvəsini versin".
Füzuli