Prezidentdən devalvasiyadan əziyyət çəkən insanlara misilsiz dəstək- Təhlil

İlham Əliyev xalqın öz liderinə güvənməyində haqlı olduğunu bir daha sübut etdi

Azərbaycanda həyata keçirilən sosial siyasət vətəndaşların maddi rifah halının yüksəldilməsinə yönəldilib. Hazırda da bu siyasət uğurla davam etdirilməkdədir. Hətta inkişaf etmiş ölkələrdə belə həyata keçirilmsi mümkün olmayan sosial layihələr Azərbaycanda reallaşdırılır. Məlumdur ki, bəzi ölkələrdə əhalinin sosial problemlərinin həlli məqsədilə çoxsaylı təşəbbüslər irəli sürülüb, lakin son nəticədə onun həlli dövlətin imkanları xaricində olduğundan, problemin həlli ya təxirə salınıb, ya da qeyri-müəyyən müddətə qədər uzadılıb. Azərbaycan isə o dövlətlərdəndir ki, burada bütün məsələlər -  problemin ciddiliyi, ağırlıq yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həll üçün maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib hazırlanması, icrasi və icraya nəzarət və s. - hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur. Yaranan əlavə maliyyə resursları bilvasitə İlham Əliyevin siyasi iradəsi ilə vətəndaşların sosial müdafiəsinə yönəldilməkdədir. Prezident öz vədinə sadiq qalaraq 2019-cu ili sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən bir ilə çevirməkdədir. Bu baxımdan birmənalı şəkildə demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır. Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman nəinki vətəndaşların kredit problemini həll edəcək, hətta bu vaxta qədər krediti yeni məzənnə ilə ödəyən insanların məzənnə arasındakı fərqi geri qayatrılacaq. Fərmanda devalvasiya müddətində götürülmüş və artıq bağlanmış kreditlərə görə müddəa da yer alıb. Mərkəzi Bankdan bildirilib ki, vətəndaş 0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək məzənnə ilə ödəyib, borcu bağlayıbsa, iki məzənnə arasındakı fərq geri qayatrılacaq. Beləliklə bu fərmanın təxminən 850 minə yaxın fiziki şəxsi əhatə edəcəyi nəzərdə tutulur. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan çox vəsait ödəniləcək. Etiraf edilməlidir ki, dövlət başçısının cari ildə atdığı addımlarla Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya öz liderliyini nümayiş etdirdi. Yaxın gələcək üçün dövlət başçısının hələlik detalları açıqlanmayan, lakin anons etdiyi sosial təminatın yaxşılaşdırılması planları da mövcuddur. İlham Əliyevin həyata keçirilməsinə start verdiyi sosial paketə təkcə əməkhaqqı və təqaüd artımları daxil deyil. Bura uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri-vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsindən tutmuş, ən çox müzakirə predmeti olan problemli kreditlərin həlli kimi məsələlər daxildir. Millət vəkili Kamilə Əliyeva qeyd edib ki, ölkə Prezident cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman Azərbaycan dövlətinin və dövlət başçısının öz vətəndaşlarına növbəti diqqət və qayğısının əyani təzahürüdür. Bu Fərmanla 2019-cu ilin cəmi iki ayı ərzində atılan önəmli və mühüm addımların sırasına daha bir əlavə olunmuş oldu: "Bu, bəlkə də digərlərini kölgə altına almamaq şərti ilə, həmin addımların içərisində ən mühümü, ən vacibi idi. Çünki illərdir problemli kreditlərdən əziyyət çəkən insanlar belə bir addımın atılacağını səbirsizliklə, həm də böyük ümidlərlə gözləyirdilər.Bu da səbəbsiz, əsassız deyildi. İnsanlar Azərbaycan dövləti və hökumətinin, xüsusilə, ölkə prezidentinin daim öz vətəndaşının yanında olduğunu bilir, görür və bu ağrılı məsələdə də onun yanında olacağına böyük ümidlər bəsləyirdilər. Bu gün verilən tarixi Fərmanla insanlar öz ümidlərində, öz gözləntilərində yanılmadıqlarının bir daha əyani şahidinə çevrildilər. Onlar bir daha əmin oldular ki, arxalarında güclü, qüdrətli Azərbaycan dövləti dayanır, Azərbaycan dövlətinin, ölkə Prezidentinin fəaliyyətinin baş xətti məhz Azərbaycan vətəndaşlarının rahatlığının, sosial-rifah halının yaxşılaşdırılmasının təmin edilməsidir".  Onun sözlərinə görə, bu Fərmanla on minlərlə ailənin, bütövlükdə yüz minlərlə insanın problemli kredit məsələsinə son qoyulmuş oldu. Millət vəkili deyib ki,  bütövlükdə 850 minə yaxın insan ölkə prezidentinin problemli kreditlərlə bağlı Fərmanından faydalana biləcək: "İnsanlarımız, problemli kreditlərdən əziyyət çəkən vətəndaşlarımız artıq rahat nəfəs ala və Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da daha böyük şövqlə, daha böyük həvəslə qulluq göstərə bilərlər. Yəni, Azərbaycan dövləti öz vətəndaşı naminə addım atırsa, Azərbaycan vətəndaşı da öz dövləti, onun inkişafı, güclənməsi naminə addımlar atmalıdır, heç bir tərəddüdə yol verməməlidir. Bildiyiniz kimi, bu gün ölkəmizin inkişafını, müstəqilliyini həzm edə bilməyən qüvvələr hər adi məsələdən yararlanıb, onu dövlətə qarşı yönəltmək, dövlətlə vətəndaşı arasında etimadsızlıq mühiti yaratmağa ən məkrli vasitələrlə cəhdlər göstərirlər. Özünüz də şahidsiniz ki, əlləri hər şeydən üzülənlər indi də problemli kreditlər məsələsindən öz xeyirlərinə yararlanmaq, siyasi xal, kapital toplamaq, cəmiyyətdə qarışıqlıq yaratmaq istəyirdilər. Amma Azərbaycan dövləti onların bu arqumentlərini də əllərindən almış oldu, onların və arxalarında dayananların əllərini yenə havada boş  qoydu, istəklərinin çin olmasına fürsət tanımadı. Və bir daha hər kəsə göstərdi ki, Azərbaycan dövlətindən başqa kimsə Azərbaycan vətəndaşını düşünə və onun qayğısına qala bilməz. Yalnız Azərbaycan dövləti və dövlət başçısı Azərbaycan vətəndaşının ən böyük dəstəkçisi, ən böyük təminatçısıdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31