İlham Əliyev vətəndaşların kredit problemini də həll etdi- Təhlil

Dövlət başçısının qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir

Azərbaycanda vətəndaş firavanlığının təminatı milli inkişaf strategiyasının başlıca amalını təşkil edir. Ölkəmizdə milli iqtisadiyyatın dinamik tərəqqisində əldə olunan nailiyyətlər ilk növbədə əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət edir. Sirr deyil ki, prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin davamlı inkişafı təmin edilib, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi ciddi şəkildə artıb. İqtisadiyyatın modernləşdirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı irimiqyaslı layihələrin reallaşdırılması nəticəsində yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi yüksəlib, məşğulluğu artıb, yoxsulluq azalıb. Dövlət başçısının uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm nailiyyətlərindən biri kimi, son 15 ildə ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib ki, bu da qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Bununla bərabər, yoxsul ailələrin dövlət tərəfindən dəstəklənməsi tədbirləri də davam etdirilir. Bu sahədə prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafi sahəsi ilə bağlı imzaladığı sərəncam və fərmanlar mühüm yer tutur. Sosial müdafiə tədbirlərinin gücləndirilməsi sahəsində yeni addımların atılması, həmçinin sosial müdafiə sahələrində idarəetmənin təkmilləşdirilməsi dövlət başçısı tərəfindən ölkə əhalisinə verilən töhvə kimi dəyərləndirilə bilər. Xatırladaq ki, dövlət başçısının "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamının ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət etdiyini deyən deputat bildirib ki, sənədə əsasən, edilən artımlar üçün cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq.

Prezident İlham Əliyevin bu istiqmətdə həyata keçirdiyi siyasət yüksək səviyyədə davam etdirilir. Dövlət başçısı Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında öz müsbət nəticələrini göstərməkdədir.Lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov  deyib ki, Fərmanda 2015-ci ildə baş verən 21 fevral və 21 dekabr devalvasiyaları ilə bağlı ayrıca bəndlər nəzərdə tutulub: "Birinci devalvasiyadan sonra əhalinin banklara olan borcunun artan hissəsi 0.27 qəpik idisə, bugünkü fərmanla onun 0.25 qəpiyi silinib. İkinci devalvasiyadan sonra artan hissə 0.92 qəpik olmuşdusa, onun da 60 qəpiyi silinib. Fərmanla kreditlərin borc hissəsinə dəyilmir, əsasən borcun artan hissəsinə güzəşt edirlər". Parlamentarinin sözlərinə görə, eyni zamanda bank sisteminin sağlamlaşdırılması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasına göstərişlər verilib: "Bu qurumlara 682 milyon manat və 282 milyon manat vəsait ayrılır ki, bank sistemində faiz dərəcələri aşağı salınsın. Bank sisteminin kapitallaşamsı təmin olunsun, banklar normal fəaliyyət göstərə bilsin. Burada banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən ediləcək. Bu siyahı müəyyən edildikdən sonra isə fərmanın icrasına başlanılacaq". Deputat əlavə edib ki, Fərmanda məhkəmədə olan işlərin geri çağırılması ilə bağlı müddəa da yer alır. Belə ki, sənəddə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Fərmanla eyni zamanda, problemli kreditlərlə bağlı məhkəmə işlərinin hamısına yenidən baxılacaq: "Bildiyiniz kimi, məhkəmələrdə problemli kreditlərlə bağlı yüzminlərlə işlərə baxılırdı, çox sayda insan hətta həbs cəzası almışdı. Bugünkü Fərmala o işlərin hamısı geri çağırılacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31