Əhalinin sosial müdafiəsi daha da gücləndiriləcək- Təhlil

 İlham Əliyev: "Minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi böyük sosial paketin tərkib hissəsidir"

Azərbaycanda əldə olunan iqtisadi uğurlar ölkə iqtisadiyyatının dayanıqlı və sabit inkişafından xəbər verir. Baxmayaraq ki, Azərbaycan öz inkişaf dövrünü yaşayan müstəqil ölkədir, ancaq iqtisadiyyatın qeyri-neft sektorundan asılılığının aradan qaldırılması istiqamətində böyük islahatlara start verilib. Bu islahatlar qeyri-neft sektorunun kifayət qədər inkişafını şərtləndirib. Nəticədə mövcud olan sosial problemlərini həlli imkanı yaranıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan vətəndaşlarının maddi-rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzində olub, ancaq prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkə vətəndaşlarının sosial təminat məsləsinin həlli daha da sürətləndirilib. Elə bu səbədən də ardıcıl olaraq əmək haqları və pensiyaların həcmi artırılır. Azərbaycan Prezidentinin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə də sadalanan problemlər diqqət mərkəzində oldu. Belə ki, ölkə başçısı  həyata keçirilən bir çox layihələrə, proqramlara öz münasibətini bildirərək vətndaşları əmin etdi ki, hazırda həyata keçirilən uğurlu sosial siyasət davamlı olacaq. Bunun bariz nümunəsini dövlət başçısının son günlərdə imzaladığı fərman və sərəncamlarda görməkdəyik. Milli Məclisin əmək və sosial siyasət komitəsindən bildirilib ki, Azərbaycan Prezidentinin imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı ilə sosial müavinət məbləğlərində artımlar həyata keçiriləcək. Bu və eləcə də əvvəlki artımlar ilə bağlı komitəyə daha çox ünvanlanan suallar içərsində əlliliyə görə pensiya və sosial müavinət məbləğlərinin necə artırıldığı ilə bağlı sorğu daha çox qeyd olunur. Qeyd edək ki, minimum pensiya artırıldıqdan sonra "Əmək pensiyaları haqqında" qanunun 6-1-ci maddəsində (Əmək pensiyasının minimum məbləği) edilən dəyişiklik aşağı pensiya alanların pensiya məbləğlərinin artmasına səbəb oldu. Sosial müavinət məbləğləri isə konkret olaraq müəyyənləşdirilir. Məsələn, yeni sərəncamla I qrup əlilliyə görə sosial müavinət 150 manata çatdırıldı. Əvvəllər bu rəqəqm ümumi səbəbdən əlillər üçün 82, müharibə əlilləri üçün 101, "Çernobıl AES-də hərbi xidmətlər əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 94 manat idi. Amma əgər vətəndaş əlilliyə görə pensiya alırsa və bu məbləğ 160 manatdan az idisə o zaman pensiya məbləğinin hansı məbləğ olmasından asılı olmayaraq 160 manata çatdırılacaq. Bu o deməkdir ki, 1-ci qrup əlilliyə görə sosial müavinət 150 manat, minimum pensiya isə 160 manat olacaq. Təbii ki, pensiya məbləğində minimum məbləğdən söhbət gedir və bud aha yüksək ola bilər. Buna görə də, öz ödənişlərində artımları hesablamaq üçün vətəndaşlarımız onların aldıqları vəsaitin pensiya yoxsa müavinət olmasına diqqət yetirməkləri vacibdir. Maraqlıdır, bəs, fiziki imkanı məhdud olan şəxs hansı hallarda pensiya və sosial müavinət alır? Əmək pensiyası haqqında qanuna əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin qanuna əsasən həmçinin hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Sosial müavinat haqqında qanuna əsasən isə əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda əlilliyə görə müavinət alır. Qeyd edək ki, yeni sərəncam ilə fiziki imkanları məhdud olan uşaqlara 150 manat sosial müavinət ilə yanaşı hər bir uşağa 18 yaşınadək baxılmasına görə əlavə 50 manat ödəniş təsis edilib. Fiziki imkanları məhdud olan hər bir uşaq üçün ödəniləcək aylıq məbləğ 150 manat deyil, baxım xərci ilə birlikdə 200 manat olacaq. Digər məqam minimum pensiya artımları artıq martın 1-dən, sosial müavinətlər üzrə artımlar isə aprelin 1-dən hesablanacaq. Sonuncu sərəncam ilə sosial müavinətlərin artımina ildə əlavə olaraq 400 milyon manat ödəniləcək və 577 min nəfəri əhatə edəcək. Millət vəkili Eldar İbrahimov isə bildirib ki, prezident İlham Əliyev hər zaman bildirir ki, bizim siyasətimizin mərkəzində insan amili dayanır. Elə buna görə də davamlı olaraq bu istiqamətdə addımlar atılır: "Dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar bununla yekunlaşmır. Cənab prezident insanların maddi rifah halının yaxşılaşması üçün mümkün olan bütün addımları atır. Dövlət başçısının müşavirədə qeyd etdiyi kimi 2019-cu il əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq". E.İbrahimov bildirib ki, dövlət başçısının müvafiq olaraq fevralın 25-də və 26-da imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" və "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında" sərəncamlar geniş əhali qruplarını əhatə edəcək və bu məqsədlə dövlət büdcəsindən xeyli miqdarda əlavə vəsait ayrılacaq: "Bütün bunlar Azərbaycan vətəndaşlarına cənab prezident tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir. Dövlət başçısı insanlar üçün problemli olan, onlara narahatlıq yaradan bütün məsələlərin həll olunmasına dair göstəriş verib. İnşallah, bu il digər problemlər də həll olunacaq".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31