Azərbaycanda dərin məzmunlu sosial siyasət həyata keçirilir- Təhlil

İlham Əliyevin siyasi iradəsilə aparılan bu siyasətin mərkəzində vətəndaşların mənafeyi dayanır

İstənilən ölkədə yürüdülən sosial siyasətin qarşısına qoyulmuş məqsədlərə nail olmaq üçün onun həyata keçirilməsi mexanizminin böyük əhəmiyyəti var. Bu mexanizmin əsas elementi iqtisadiyyatı inkişaf etdirməkdir. Nəzərə almaq lazımdır ki,  iqtisadiyyatda uğur qazanmadan, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək qeyri-mümkündür. Azərbaycanda əhalinin yüksək rifahının təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi olan sosial siyasət məhz bu amildən qaynaqlanır. Belə ki, prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət dövlət büdcəsinin gəlirlərini artırmaqla yanaşı, ölkə iqtisadiyyatının dayanıqlığını təmin edib. O da məlumdur ki, hər bir cəmiyyət öz inkişafına uyğun olaraq sosial siyasəti formalaşdırır və bu siyasətin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir. Ölkə baçısı İlham Əliyevin də əldə olunan gəlirlərin əhalinin maddi-rifah halının yüksəldilməsinə yönəltmək siyasəti bu gün də davam etməkdədir. Dövlət başçısının son günlərdə ardıcıl imzaladığı sərəncam və fərmanlar dediklərimizi bir daha sübut etmiş olur. Milli Məclisin deputatı Tahir Süleymanov deyib ki, Azərbaycan sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir, müxtəlif sahələr üzrə  davamlı islahatlar həyata keçirilir. Fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə də vurğulandığı kimi, artıq ölkəmizdə 2017-ci ildə iqtisadi sabitliyin təmin olunması ilə bağlı atılan önəmli addımlar, həmçinin 2018-ci ildə ardıcıl şəkildə həyata keçirilən ciddi islahatlar öz müsbət nəticələrini verir. T.Süleymanov bildirib ki, aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərib. Belə ki, 2019-cu ilin birinci ayında büdcəyə daxilolmalar xeyli artıb. Belə ki, vergi orqanları proqnozlardan əlavə 80 milyon manat, gömrük orqanları isə əlavə 20 milyon manatdan çox vəsait toplamağa nail olublar. Eyni zamanda, yanvar ayında Dövlət Neft Fondunun gəlirləri də əhəmiyyətli dərəcədə artıb: "Bu gün ölkəmizdə dərinməzmunlu sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Respublikamızda inklüzivliyin təmin olunması, əhaliyə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması və beləliklə də, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, sosial infrastruktur quruculuğuna getdikcə daha böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Ölkəmizdə 2019-cu ilin əvvəlindən sosial sahədə bilavasitə insanların rifah halının yaxşılaşmasına hədəflənən tədbirlərin reallaşdırılması daha da intensivləşib. Bu sahədə atılacaq addımlar cənab Prezident tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilib və hazırda vaxtilə verilən vədlərin uğurla reallaşdırılması prosesi gedir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bütövlükdə, 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Azərbaycan dövlətinin yürütdüyü dərin məzmunlu sosial siyasət, həqiqətən də, inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür". Millət vəkili Tahir Mirkişili qeyd edib ki, ölkədə həyata keçirilən islahatların başlıca hədəfi Azərbaycanın güclü, dayanıqlı iqtisadiyyatını qurmaqdan, ixracı artırmaqdan, idxalı əvəz edən yeni sahələrin yaradılmasından, daimi yeni iş yerlərinin açılmasından, bütünlükdə iqtisadiyyatı inkişaf etdirməkdən ibarətdir. Bunun nəticəsində Azərbaycan dövlətinin daha da güclənməsi, insan kapitalının inkişafı, əhalinin sosial-rifah halının bir qədər də yaxşılaşdırılması prioritetdir. T.Mirkişili bildirib ki, bu məqsədlər naminə həyata keçirilən sosial-iqtisadi və struktur islahatlar həm dövlət, həm də özəl strukturları əhatə edərək, onları qarşıya qoyulan hədəflərə çatmaq üçün hazırlaşdırır. Yəni, həyata keçirilən hər bir islahat və dəyişiklik dərin təhlillər, strateji araşdırmalar nəticəsində meydana çıxır. Heç bir təsadüfi dəyişiklik yoxdur. Onun sözlərinə görə, zaman-zaman atılan hər bir addım əvvəlcədən planlaşdırılıb: "Bu baxımdan hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının iqtisadi islahatlara qısa zamanda çevik reaksiya verməsi, müşahidə olunan dinamik artım, iqtisadiyyatın getdikcə daha çox dayanıqlı olması, ixracın artması, yeni-yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması mövcud islahatların zərurətdən yarandığını, düzgün istiqamətdə getdiyini sübut edir. Qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün gedilən yol tamamilə düzgün və uğurlu yoldur". Millət vəkili qeyd edib ki, Azərbaycan iqtisadiyyatı böyüdükcə, dövlətimiz gücləndikcə vətəndaşların yaşayışı, sosial-rifah halı da artır. Bunun davamlı olması üçün gələcəkdə də lazımi addımlar atılacaqdır: "Cənab Prezidentin imzaladığı fərman və sərəncamlarla minimum yaşayış həddinin, maaş və pensiyaların minimum həddinin artırılması ölkə vətəndaşlarının maaş və pensiyalarının, gəlirlərinin artması ilə müşahidə olunur. Ölkədə minimum hədlər artdıqca, bu, ümumilikdə iqtisadiyyatın artmasına, canlanmasına gətirib çıxarır. Bu prosesdə ölkə vətəndaşlarının sosial-rifah halının yaxşılaşmasına da təsir edir. Bütün bunlar isə Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31