İnkişafın təhlil olunmasında rəsmi statistika xüsusi rol oynayır
22 Fevral 2019 14:54 İqtisadiyyatTahir Budaqov: "Statistik məlumatlarımız beynəlxalq tələblərə uyğundur"
Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi" layihəsi çərçivəsində konfrans keçirilib.
Konfransda dövlət orqanlarının, Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq təşkilatların, layihə üzrə tərəfdaş ölkələrin səfirliklərinin nümayəndələri iştirak ediblər.
Olaylar.az xəbər verir ki, layihənin əsas məqsədi ölkədə iqtisadi islahatların həyata keçirilməsi və monitorinqi prosesində tələb olunan daha keyfiyyətli statistik məlumatlarla istifadəçiləri təmin etmək üçün Dövlət Statistika Komitəsinin potensialının gücləndirilməsidir. Buna nail olmaq üçün milli statistika sisteminin beynəlxalq və Aİ standartlarına tam uyğunlaşdırılması istiqamətlərində işlər davam etdirilir.
Konfransda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov açılış nitqi ilə çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq müasir Azərbaycanın dünyada inamla irəliləyən, qlobal maliyyə-iqtisadi böhranından uğurla çıxan özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanınıb: "Ölkəmizin bütün sahələrdəki inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub ki, bu mərhələdə də əsas məqsədlərdən biri uzunmüddətli perspektiv və dinamik sosial-iqtisadi inkişafın dayanıqlığının təmin edilməsidir. Bu işlərin planlaşdırılmasında, nəticələrin qiymətləndirilməsində və təhlil olunmasında rəsmi statistika xüsusi əhəmiyyət kəsb edir.
Sədr qeyd edib ki, Avropa İttifaqı Komissiyası və Statistika Bürosu 2016-cı ilin sentyabr ayında, 2017-ci ilin fevral ayında Azərbaycanda bütün statistika sisteminin beynəlxalq auditi aparılıb: " Bunun nəticəsində hesabat hazırlanıb Avropa İttifaqının Statistika Bürosunun saytında yerləşdirilib. Beynəxalq audit nəticəsində məlum olub ki, statistik məlumatlarımız beynəlxalq tələblərə uyğundur. Həmin auditdən sonra statistika istehsal prosesinin keyfiyyət qiymətləndirilməsini də aparmaq qərarı verdik. İsveçrənin keyfiyyətin idarəedilməsi sahəsində audit şirkətinin apardığı araşdırma nəticəsində Azərbaycan MDB məkanında statistika sahəsində beynəlxalq miqyasda İSO 9001-2015 uyğunluq sertifikatına nail olunub".
T.Budaqov bundan sonra Avropa İttifaqı ilə birlikdə həyata keçiriləcək layihə qarşısında əsas məqsədin nə olduğunu qeyd edib:
"Əsas məqsəd markoiqtisadi göstəricilərin müəyyən edilməsi üçün istehsal indekslərinin hesablanmasının təkmilləşdirilməsi, istehsalçı qiymət indekslərinin əhatə dairəsinin genişləndirilməsi, bu layihələr çərçivəsində qazanılan nailiyyətlərin digər dövlət qurumlarında tətbiqinin genişləndirilməsi, kadr potensialının artırılmasından ibarətdir".
Layihə üzrə Aİ-nin tərəfdaş ölkələrindən biri kimi Litva Statistika Departamentinin Baş direktoru xanım Vilija Lapeniene Statistik Sistemində statistik biznes proseslərinin inkişafı və standartlaşdırılması sahəsində təcrübələrini bölüşüb, layihə çərçivəsində keyfiyyətin idarə edilməsi sahəsində Litva Statistik Departamentinin təcrübəsinin öyrənilməsi məqsədilə 2018-ci ildə Dövlət Statistika Komitəsi mütəxəssislərinin bir qrupunun bu ölkəyə təlim səfərinin, litvalı ekspertlərin isə ölkəmizə səfərlərinin baş tutduğunu vurğulayıb.
Konfransda daha sonra İqtisadiyyat Nazirliyinin iqtisadi islahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev "Azərbaycanın iqtisadi inkişafını dəstəkləmək üçün yüksək keyfiyyətli statistik məlumatlara artan ehtiyaclar" və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri Firdövsi Fikrətzadə "Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün yüksək keyfiyyətli statistikanın vacibliyi" mövzusunda çıxış ediblər.
Nigar Orucova