İstehlakçıların aldadılması hallarının qarşısı alınır
25 Fevral 2013 16:54 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala küçəsi ev 15 ünvanında fəaliyyət göstərən "Rahat" mağazasında aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilmişdir.
Belə ki, mağazanın ticarət zalında istehlakçılara təklif olunan malların üzərində göstərilən qiymətlərin nəzarət kassa aparatının (NKA) yaddaşındakı qiymətlərdən aşağı olduğu aşkarlanmışdır.
Yoxlama zamanı malın üzərindəki qiymətlə NKA-nın yaddaşındakı qiyməti müqayisə edilmiş 126 çeşiddə maldan 20-nin NKA-nın yaddaşındakı qiymətlərinin malın üzərindəki qiymətlərdən artıq olduğu, bu malların hər vahidinə görə istehlakçılardan 1-57 qəpik artıq pul alındığı aşkar olunmuşdur.
Bununla da malların qiyməti barədə onların üzərində aşağı qiymətlər göstərərək istehlakçılara guya bu mağazada malların digər mağazalarla müqayisədə ucuz olması barədə məlumat verilməklə, onların qiymətdə aldadılmasına yol verilmişdir.
Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar mağazanın məxsus olduğu "ANC GROUP" MMC barəsində qanunvericiliyə müvafiq tədbirlər görülür.