“Mərkəzi Bankın pulu pulla satması ciddi problemlər yaradacaq” - EKSPERT

Mərkəzi Bank tərəfindən aparılan qiymətləndirmələr və monitorinqlərin nəticəsində ölkə ərazisində nağd pulla əməliyyatların səmərəliliyin artırılması, pul nişanlarının nominal strukturunun optimallaşdırılması, hesablaşmalarda nağd puldan istifadənin azaldılması və nağdsız ödəniş sistemlərindən istifadənin stimullaşdırılması məqsədilə 01.02.2013-cü il tarixindən etibarən Mərkəzi Bank tərəfindən 100 manatlıq əskinasların nağd məxarici üzrə 0.3% tarif müəyyən olunub. Buna səbəb isə son 7 il ərzində 100 manatlıq əskinasın tədavüldə xüsusi çəkisi 75%-ə çatmasıdır ki, bu da beynəlxalq təcrübədə qəbul edilmiş normadan yüksəkdir. Tariflərin tətbiqi 100 manatlıq əskinasa tələbi azaltmaqla müvafiq əskinasın yükünün digər nominallı əskinasların üzrərinə ötürülməsinə və bununla da tədavüldə nağd pulun strukturunun optimallaşdırılmasına təsir edə bilər. Belə ki, 100 manatlıq əskinasa tariflərin tətbiqi banklar tərəfindən tranzaksiyalarda digər əskinasların payını artıracaq ki, bu da əhalinin nağd pulun srtukturuna olan tələbinin ödənilməsi zamanı adekvatlığı təmin edə bilər. Məlumata görə, beynəlxalq təcrübədə əksər ölkələrdə nağd pul sferası üzrə bir sıra biznes proseslər (pul nişanlarının saxlanması, daşınması və emalı) Mərkəzi Banklar tərəfindən özəl sektora ötürülüb və müvafiq xidmətlər kommersiya banklarına ödənişli əsaslarda göstərilir. Lakin Azərbaycan Mərkəzi Bankında nağd pulla bağlı xidmətlərə görə heç bir xidmət haqqı tutulmurdu. Amma, Mərkəzi Bankın bu qərarı ekspertlər tərəfindən birmənalı qarşılanmır. İqtisadçı ekspert Vuqar Bayramov deyir ki, Mərkəzi Bankın bu qərarı düzgün deyil: " Mərkəzi Bank bu addımı ona görə atıb ki, dövriyyədə 100 manatlıq əskinaslardan istifadə artıb. Daha doğrusu dövriyyədə olan əskinasların 75 faizi 100 manatlıqdır. Bunun üçün də Mərkəzi Bank hesab edir ki, dövriyyədə 100 manatlıqların payının azaldılması lazimdir. 100 manatlıq əskinasların dövriyyədə payının artması onunla bağlıdır ki, 100 manatlıq əskinaslara maraq artıb. İkincisi, manatla yığımlar artıb və manatla yığımların artması 100 manatlıq əskinaslara tələbatı artırıb. Digər səbəb isə budur ki, bazarda qiymətlər yüksəlib. Kiçik nominasiyalı pullara tələbat az olduğu üçün dövriyyədə 100 manatların payının artması ilə nəticələnir".

Vüqar Bayramov deyir ki, buna baxmayaraq Mərkəzi Bank bu problemi aradan qaldırmaq üçün bu cür maliyyə inzibatçılığından istifadə etməməlidir: "Mərkəzi Bankın belə bir qərar verməsi başadüşüən deyil. Dünyanın heç bir ölkəsində pulu pulla satmaq anlayışı yoxdur. Yeni heç bir ölkədə yoxdur ki, hansısa pulu alan şəxs bunun müqabilində əlavə vəsait ödəsin. Bu arzuolunan deyil. Bu proses banklarda 100 manatlıqların son dərəcə azalmasına gətirib çıxaracaq. Vətəndaş 100 manatlıq alıb əlavə ödəniş etmək əvəzinə iki ədəd 50 manatlığı ödənişsiz alacaq. Bu daha çox iri şirkətlərdə problemlər yaradacaq. Çünki bu cür şirkətlərin 100 manatlıqlara tələbatı çox olur. Eyni zamanda manatla yığım aparan vətəndaşlarda müəyyən problem yaradacaq. Çünki onlar da yığımları böyük əskinaslarla aparmaq üçün əlavə ödəniş etmək məcburiyyətində qalacaq. Ona görə də bu proses həmin şəxslər üçün ciddi problemlər yarada bilər. Çünki onlar 100 manatlıq əskinaslara sahib olmaq üçün ödəniş etmək məcburiyyətindədirlər". Vüqar Bayramov bildirib ki, bu gün dünya nəqdsiz hesablaşmaya maraq göstərdiyi bir vaxtda Mərkəzi Bankın pulu pulla satma siyasəti başadüşülən deyil. Əslində Mərkəzi Bank çalışmalıdır ki, vətəndaşlar əskinaslardan deyil, nəqdsiz hesablaşmalardan istifadə etsinlər ki, bu da əskinasa olan tələbatı azaltsın: "Bu baxımdan Mərkəzi Bankın pulu pulla satmaq kimi maliyyə inzibatçılığından istifadəsi qəbuledilməzdir və bu proses əlavə problemlərə gətirib çıxaracaq".

Samir Güləliyev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31