Fermerlər Şurasının toplantısı keçirilib
7 Fevral 2019 13:35 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qabaqcıl, təcrübəli fermerlərindən təşkil olunmuş Fermerlər Şurasını çox faydalı format adlandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aqrar islahatların davam etdiyini deyən nazir Fermerlər Şurasının üzvlərini imzalanmış son Fərmanlarla bağlı məlumatlandırıb. İştirakçılara DAİM-lərin iş prinsipləri, Aqrar Xidmətlər Agentliyinin yaradılması zərurəti¸ Aqrar Kredit və İnkişaf Agentliyinin əsas funksiyaları, "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin qarşısına qoyulmuş vəzifələr, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin üstünlükləri barədə geniş məlumat verilib. Nazir İnam Kərimov fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacağını xatırladıb. O qeyd edib ki, artıq güzəştli qaydalarla satış bütün təchizatçı şirkətlərə tətbiq olunacaq, yeni qaydalar kənd təsərrüfatı texnikası bazarında ədalətli rəqabət mühiti formalaşdıracaq.