İqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən "Olaylar2a bildirilib ki, görüşdə Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir. Təkcə ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasına 3 dəfə səfər edib, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri çərçivəsində  Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib, iqtisadiyyatın bir sıra sahələrində Azərbaycan və Rusiya əməkdaşlığına dair dəyirmi masalar təşkil olunub. İqtisadiyyat naziri Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icra olunduğunu və bu proqramlar çərçivəsində görülən işlərin iqtisadiyyatın inkişafında əhəmiyyətini vurğulayıb. Bildirilib ki, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinın yaradılması və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilir. Sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların yaradılması, investisiyaların və ixracın təşviqi mexanizminin tətbiqi və digər tədbirlər sahibkarlığın davamlı inkişafının təmin olunmasında mühüm önəm kəsb edir. Görüşdə vurğulanıb ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə edilir. Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 20% artıb. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə isə birinci yerdədir. Azərbaycanda təqribən 700-dən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasına uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 4 mlrd. ABŞ dollarından çox sərmayə yatırıb. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyası 1 mlrd. dollardan artıqdır. Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm" MMC-nin yaradılması uğurlu əməkdaşlığın nümunəsidir. İqtisadiyyat naziri Azərbaycan və Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında sənaye, kənd təsərrüfatı, investisiyalar, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31