İqtisadiyyat Nazirliyində Almaniya nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat naziri Şahin Mustafayev Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə Şahin Mustafayev bildirilib ki, Azərbaycan və Almaniya arasında indiyədək ölkələrimiz arasında 70-dən çox sənəd imzalanıb. Qeyd edilib ki, Azərbaycanda 154 Almaniya şirkəti qeydiyyatdan keçib, Almaniya şirkətləri dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər. Nazir Şahin Mustafayev iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, 2018-ci ildə ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 61 faizdən çox artdığını qeyd edib. Azərbaycan və Almaniya investisiya sahəsində də əməkdaşlıq edir. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 572 mln. dollar, Azərbaycan tərəfindən isə Almaniyaya 124 mln. dollar investisya yatırılıb. Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradıldığını diqqətə çatdıran nazir Şahin Mustafayev vurğulayıb ki, Dünya Bankının açıqladığı "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.

Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Barays Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qruplarının rolunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31