Qadın sahibkarların işgüzar fəallığı artırılır

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda tədbir keçirilib.

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi" mövzusunda tədbir keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, tədbirin keçirilməsində məqsəd qadın sahibkarların işgüzar fəallığının artırılması, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin stimullaşdırılması, biznes fəaliyyətinin perspektivləri üzrə maarifləndirmə işlərinin aparılmasıdır. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında bildirib ki, Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri ölkədə qadınların sosial-iqtisadi həyatda rolunun, iqtisadi fəallığının artırılmasıdır. Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır və uğurları ilə bu sahəyə töhfə verirlər. Onların işgüzar fəallığının daha da artırılması üçün stimullaşdırıcı və təşviqedici tədbirlər görülür. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün treninqlərin təşkili, biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması bu tədbirlərdəndir. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti barədə məlumat verərək, ölkəmizdə qadın sahibkarlığın inkişafının Agentliyin qarşısında duran əsas vəzifələrdən olduğunu, bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması planlaşdırılır. Bu mexanizmlər Azərbaycanda qadınların iqtisadi təşəbbüslərinin reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Mexanizmlərdə xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində saxlanılacaq, bu sahədə daha perspektivli istiqamətlər müəyyənləşdirilərək müvafiq tədbirlər görüləcəkdir. Orxan Məmmədov bildirib ki, birgə səylər və görüləcək tədbirlər nəticəsində qadınların sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühit yaranacaq, kiçik və orta sahibkarlar arasında qadınların sayı artacaqdır.

"Sahibkar Qadınlar" Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva dövlət başçısı tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafının daim dəstəkləndiyini, məşğulluğun, iqtisadi fəallığın artırılması məqsədilə qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb, istehsalın artırılması və ixracın genişləndirilməsi istiqamətində assosiasiyanın həyata keçirdiyi tədbirlərdən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31