Yeni ünvanda ilk hərrac keçiriləcək
14 Yanvar 2019 16:48 İqtisadiyyatƏmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Mərkəzində təşkil etdiyi ilk hərrac 12 fevral tarixində keçiriləcək. Komitədən "Olaylar"a bildirilib ki, hərraca ümumilikdə 125 dövlət əmlakı çıxarılıb. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 24-ü qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 12-si isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m arasındadır. Mehmanxana, sanatoriya, mağaza, restoran və digər sahələrə aid olan dövlət obyektlərinin çoxu torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Gəncədə yerləşən yeməkxananın ümumi faydalı sahəsi 536,7 kv.m-dir. Totanlı küçəsindəki bu dövlət əmlakı 7323 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. İnvestor 7 min 500 manat beh ödəyərək xidmət sahəsində gəlirli fəaliyyətə imkan verən obyektin sifarişçisinə çevrilə bilər.
Sərmayəçilərə maraqlı ola biləcək qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12,5 kv.m ilə 267,6 kv.m intervalındadır. Dövlət əmlaklarından 13-ü paytaxtda, 6-sı Sumqayıtda, digərləri isə Gəncə, Tərtər, Daşkəsən və Sabirabadda yerləşir. Biznes fəaliyyətinə başlamaq istəyənlər bu kateqoriyadan olan dövlət əmlaklarını ofis və xidmət obyekti kimi istifadə edə bilər. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nəriman Nərimanov küçəsindədir.