Azərbaycan və Koreya arasında Qrant Yardımına dair saziş imzalanıb
14 Yanvar 2019 16:36 İqtisadiyyatİqtisadiyyat naziri Şahin Mustafayev Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op ilə görüşüb. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüşdə Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, dövlət və hökumət başçılarının yüksək səviyyəli səfərləri çərçivəsində keçirilən görüşlərin və aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan və Koreya arasında müqavilə-hüquq bazası yaradılıb, indiyədək ölkələrimiz arasında 57 sənəd imzalanıb. Qeyd edilib ki, Azərbaycanda 74 Koreya şirkəti qeydiyyatdan keçib, Koreya şirkətləri dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər. Nazir Şahin Mustafayev iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, 2018-ci ilin 11 ayında ticarət dövriyyəsinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artdığını qeyd edib.
Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kim Tong Op ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, imzalanacaq Sazişin bu baxımdan əhəmiyyətini qeyd edib. Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında Qrant Yardımına dair Çərçivə Sazişi imzalanıb. Sənədi İqtisadiyyat naziri Şahin Mustafayev, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op imzalayıblar.