Ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib

Son 15 ildə dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər dinamik inkişaf edən ikinci ölkə olmayıb

Son 15 ildə dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər dinamik inkişaf edən ikinci ölkə olmayıb

Bir neçə gün əvvəl başa vurduğumuz 2018-ci il də əvvəlki illər kimi Azərbaycan üşün uğurlu oldu desək yanılmarıq. Bütün istiqamətlərdə müşahidə edilən müsbət dinamika və qazanılan nailiyyətlər 2019-cu ilin də ölkəmiz üçün uğurlu olacağı qənaətini formalaşdırıb. Ötən il Ümumi Daxili Məhsulun həcminin artması, əhalinin sosial rifah halının daha da yaxşılaşması, maaş və pensiyaların müntəzəm olaraq artırılması, eləcə də yeni-yeni iş yerlərinin açılması fonunda bunu aydın görmək mümkündür. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqa ünvanladığı təbrik mesajında qeyd etdiyimiz məqamlara toxunub və 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu bildirib. Elə əksər ekspertlər də bu qənaətdədirlər ki, keçən il bütün sahələrdə Azərbaycan üçün uğurlu olub. Milli Məclisin deputatı Rüfət Quliyev də deyir ki, 2018-ci il Azərbaycan üçün uğurlu il olub və ölkənin dinamik inkişafı davam edib. Onun sözlərinə görə, bunu il ərzində iqtisadi sahədə əldə olunan uğurlar, statistik göstəricilərdən, beynəlxalq reytinqlərdə yerimizdən də açıq şəkildə görmək mümkündür: "Ötən  il əldə olunan makro iqtisadi stabillik böyük nailiyyətlərdən biridir. Cənub Qaz Dəhlizinin açılışının 2018-ci ilə təsadüf etməsi, eləcə də bu dəhliz vasitəsi ilə mavi qazın Türkiyə bazarına ötürülməsi bu ilin ən mühüm iqtisadi uğurlarından hesab oluna bilər. 2018-ci  il digər ölkələrlə müqayisədə milli valyutamızın stabil qalması da önəmli hadisələr sırasına aid edilə bilər. Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, ötən  il qeyri-neft sektorunun inkişafı və xüsusilə də kiçik və orta sahibkarlıq istiqamətində ciddi addımlar atıldı, uğurlar əldə olundu". Millət vəkili bildirib ki, 2018-ci il mühüm islahatlarla yadda qaldı. Prezident İlham Əliyevin də söylədiyi kimi bu islahatların əksər hissəsi 2019-cu ildə öz nəticəsini verəcək: "Maliyyə bazarında stabillik yarandı. Azərbaycan iqtisadiyyatının 2018-ci ildə təxminən 1.5 faiz artması iqtisadi göstəricilər baxımından uğurla başa vurduğumuzun göstəricisidir. Eyni zamanda, 2018-ci il büdcə tapşırıqları tam şəkildə həyata keçirilib".

Millət vəkili Rauf Əliyev isə deyib ki, son 15 ildə dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər dinamik inkişaf edən ikinci ölkə olmayıb. Onun sözlərinə görə, hətta dünya üçün çətin keçən illərdə də respublikamızın iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib: "Güclü iqtisadiyyat 2018-ci ildə də ölkənin inamlı inkişafının təməlində dayanan əsas amillərdən biridir. Ölkəmizdə rəqabətə davamlı iqtisadiyyat quruculuğundan söhbət açarkən məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkədir. Xəzərin neft-qaz ehtiyatlarının işlənməsinə dair transmilli şirkətlərlə imzalanan müqavilələr çərçivəsində respublikamıza böyük həcmlərdə valyuta gəlir. Bununla belə, Azərbaycan ölkə iqtisadiyyatının birqütüblü olmasını və neft amilindən asılı qalmasını heç vaxt qəbul etməyib. Əksinə, respublikamız qazandığı neft gəlirlərini çoxqütüblü iqtisadiyyat quruculuğuna yönəltməyə üstünlük verib. Son 15 ildə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və dəstək tədbirləri gücləndirilib". Millət vəkili deyib ki, ölkəmizdə neftdənkənar iqtisadiyyatın, o cümlədən də qeyri-neft sənayesinin, aqrar sektorun inkişafının dövlət tərəfindən güclü şəkildə təşviq edilməsi və siyasi və maddi cəhətdən dəstəklənməsi öz növbəsində uğurlu göstəricilərin əldə olunmasını şərtləndirir: "Təsadüfi deyil ki, 2018-ci ildə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft iqtisadiyyatında qeyd alınıb.Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, ötən il respublikamızda qeyri-neft sənayesində 9 faizdən çox artıma nail olunub ki, bu da kifayət qədər yaxşı göstəricidir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31