Azərbaycan Asiya İnkişaf Bankının 48-ci illik iclasına ev sahibliyi edəcək
19 Fevral 2013 13:09 İqtisadiyyatAzərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Filippin Respublikasının paytaxtı Manila şəhərinə işgüzar səfəri çərçivəsində 19 fevral 2013-cü il tarixində Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan hökuməti arasında Bankın Rəhbərlər Şurasının Bakı şəhərində 48-ci illik iclasının keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə Maliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, razılaşma Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankı arasında 3-5 may 2015-ci il tarixində Bakı şəhərində AİB-nin Rəhbərlər Şurasının illik toplantısının keçirilməsi ilə bağlı məsələləri tənzimləyir. Səfər zamanı S.Şərifov Rəhbərlər Şurasının illik iclasına hazırlıq və təşkilati işlərlə yanaşı, AİB ilə Azərbaycan hökuməti arasındakı ikitərəfli əməkdaşlıqla bağlı Bankın yüksək səviyyəli rəsimləri ilə müzakirələr aparıb. Azərbaycan nümayəndə heyəti ilə görüşdə AİB prezidenti Haruhiko Kuroda bildirmişdir ki, Bankının səhmdarlarından olan Azərbaycan AİB-nın fəal iştirakçılarından biridir və dinamik inkişaf edən iqtisadiyyatı ilə regionun gələcək tərəqqisində aparıcı rol oynayır. Prezident Kuroda Bakı şəhərinin Bankın Rəhbərlər Şurasının 48-ci illik iclasına layiqincə ev sahibliyi edərək AİB-nin etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyinə əminliyini ifadə etmişdir. Qeyd olunmuşdur ki, İllik Toplantı keçirilən ölkəyə Bankın 67 üzv ölkələrindən nazirlər və yüksək vəzifəli hökumət rəsmiləri, biznes liderləri, beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyəti nümayəndələri, media təmsilçiləri olmaqla 4 mindən çox qonaq gəlir.