Ölkəmizdə qeyri-neft sektoru potensialı çox böyükdür
Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi bu potensialı reallaşdırmaq üçün unikal şanslar yaradıb
3 Yanvar 2019 13:33 İqtisadiyyatBeynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi bu potensialı reallaşdırmaq üçün unikal şanslar yaradıb
Azərbaycan daha bir ili uğurla geridə qoydu. 2018-ci il ərzində həyatımızın bütün sahələrində əldə edilən nailiyyətlər uğurlar ilk günlərini yaşadığımız 2019-cu ilin də ölkəmiz üçün uğurlu olacağı qənaətini formalaşdırır. Millət vəkili Tahir Mirkişili də deyir ki, başa çatmaqda olan 2018-ci ilin sosial-iqtisadi nəticələri ölkə iqtisadiyyatının bu il üçün qarşıya qoyulmuş məqsədlərə nail olmaq əzmində olduğunu deməyə əsas verir. Onun sözlərinə görə, aparılmış iqitisadi və idarəetmə islahatları nəticəsində ölkədə makro-iqtisadi sabitlik qorunub möhkəmlənib, manatın kursu sabit olub və kursa olan təhlükələrin böyük əksəriyyəti aradan qaldırılıb: "Həmçinin qeyri-neft sektoru inkişaf edib, ixracın həcmi və strateji valyuta ehtiyatları artıb, yeni iş yerləri yaradılıb. 2018-ci ilin 9 ayının nəticələrinə görə büdcə gəlirlərinin yığılmasının proqnozlarına artıqlaması ilə əməl olunması iqtisadi artımın öz əksini büdcədə də tapmasının bir göstəricisidir. Bütün beynəlxalq təşkilatlar (Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, AYİB) 2019-ci ildə Azərbaycanda ÜDM-in artmasını proqnozlaşdırırlar. Azərbaycan hökuməti də 2019-ci il üçün ÜDM-in 3.6% artmasını planlaşdırması 2019-ci ilin iqtisadi cəhətdən artım və aktiv il olacağı planlaşdırılır. Belə bir şəraitdə 2019-ci il dövlət büdcəsinin də bu iqtisadi reallığa əsaslanması qanuna uyğundur. Manat ifadəsində 2019-cu ilin dövlət büdcəsi Azərbaycanın ən böyük büdcəsidir. Büdcənin həm gəlir, həm də xərc hissəsində artım planlaşdırılır. 2019-cu ildə aparılacaq əhatəli vergi islahatlarının nəticələri də büdcədə əks olunub". Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin güclü sosial siyasəti hər zaman dövlət büdcəsində də əksin tapıb: "2019-cu il büdcə xərclərinin hər 100 manatından 32 manatının sosial xərclərə, 27 manatının isə investisiya xərcləri olması büdcənin bir tərəfdən sosial təminatı, digər tərəfdən isə iqtisadi aktivliyi dəstəkləyəcəyini deməyə imkan verir. İnflyasiyanın səviyyəsinin 3.8 faiz, əhalinin real gəlirlərinin artımının isə 5.9 faiz proqnozlaşdırılması əhalini maddi rifah halına müsbət təsirin olacağını deməyə imkan verir. Təqaüd və sosial müavinətlərin, qaçqın və məcburi köçkünlərə sosial dəstəyin artırılması, sosial mənzillərin tikintisi üçün əlavə vəsaitin nəzərdə tutulması da ciddi məqamlardır". Tahir Mirkişili deyib ki, 2019-cu il büdcəsi ilk dəfə olaraq ölkə Prezidentinin fərmanı ilə təsdiq olunmuş yeni büdcə qaydalarına uyğun hazırlanıb: "Bu isə büdcənin icrasının 2019-cu ildə xarici konyukturada baş verən dəyişikliklərdən, xüsusən də neft qiymətlərinin dəyişməsindən az asılı olacağını deməyə imkan verir ki, bu çox mühüm yenilikdir. 2019-cu il üçün dövlət büdcəsi gəlilərinin 40.2 faizi qeyri-neft sektoru hesabına formalaşacaq. Ümumilikdə, 2019-cu ildə ÜDM-in 61.6%-i qeyri-neft sektoruna aid olacaq. Növbəti ildən vergi islahatlarının aparılması ölkədə şəvvaflığı artıracaq, qeyri-neft sektorunun daha da inkişafına səbəb olacaqdır. Və nəticə olaraq dövlət büdcəsinin də qeyri-neft sektoru gəlirlərinin gəcəkdə daha da artması hədəflənir. Qeyri-neft sektorunu inkişafı ilə bağlı ölkədə geniş miqyaslı işlər görülür. Həm sənaye sahəsində, həm aqrar sektorda, həm də xidmət sektorunda görülən işlər bütövlükdə qeyri-neft sektorunda artımın daha da sürətlənməsini şərtləndirəcək. Qeyri-neft sektorunun 2019-cu ildə 3.9 faiz artım ilə proqnozlaşdırılması görülən işlərin nəticəsi olaraq proqnozlaşdırılıb. Ölkəmizdə qeyri-neft sektoru potensialı çox böyükdür. Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi bu potensialı reallaşdırmaq üçün unikal şanslar yaradıb. Sahibkarların bu imkanlardan daha çox yararlanması və ixracın həcminin daha da artırılması üçün dövlət tərəfindən intensiv tədbirlər görülür. Əminəm ki, növbəti ildə biz Azərbaycan iqtisadiyyatının daha dinamik inkişafının şahidi olacağıq".
Füzuli