"2018-ci il mühüm iqtisadi islahatlarla yadda qaldı"
26 Dekabr 2018 17:33 İqtisadiyyat"Azərbaycan Prezidenti İlham Əliyevin " Rossiya-24" kanalına müsahibəsində söylədiyi kimi 2018-ci il Azərbaycan üçün uğurlu il olub və bu il ölkənin dinamik inkişafı davam edib. Bunu il ərzində iqtisadi sahədə əldə olunan uğurlar, statistik göstəricilərdən, beynəlxalq reytinqlərdə yerimizdən də açıq şəkildə görmək mümkündür".
Bu fikirləri Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib.
O bildirib ki, cari ildə əldə olunan makro iqtisadi stabillik böyük nailiyyətlərdən biridir.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin açılışının 2018-ci ilə təsadüf etməsi, eləcə də bu dəhliz vasitəsi ilə mavi qazın Türkiyə bazarına ötürülməsi bu ilin ən mühüm iqtisadi uğurlarından hesab oluna bilər: " Bu il digər ölkələrlə müqayisədə milli valyutamızın stabil qalması da önəmli hadisələr sırasına aid edilə bilər. Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, bu il qeyri-neft sektorunun inkişafı və xüsusilə də kiçik və orta sahibkarlıq istiqamətində ciddi addımlar atıldı, uğurlar əldə olundu".
Bu ilin mühüm islahatlarla yadda qaldığını deyən R. Quliyev qeyd edib ki, Azərbaycan Prezidentinin müsahibəsində də dediyi kimi bu islahatların əksər hissəsi 2019-cu ildə öz nəticəsini verəcək: " Maliyyə bazarında stabillik yarandı. Azərbaycan iqtisadiyyatının 2018-ci ildə təxminən 1.5 faiz artması cari ilin iqtisadi göstəricilər baxımından uğurla başa vurduğumuzun göstəricisidir. Bu il büdcə tapşırıqları tam şəkildə həyata keçirilib".
2019-cu illə bağlı gözləntiləri açıqlayan R. Quliyev qeyd edib ki, dünyada gedən qlobal iqtisadi böhrana baxmayaraq 2018-ci ili uğurla başa vurmağımız bir daha göstərir ki, növbəti ildə iqtisadi sahədə daha böyük uğurlar əldə edəcəyik.
SİA