Dünya təcrübəsində ilk
24 Dekabr 2018 14:14 İqtisadiyyatAzərbaycanda səyyar notariat çantası tətbiq ediləcək
Ölkədə səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqla təchiz olunan "Elektron notariat" informasiya sisteminə birbaşa çıxışı olan xüsusi çanta hazırlanıb. Ədliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, notariuslar həmin çantalarla hər hansı məkana bağlı olmadan fiziki və hüquqi şəxslərə bütün növ notariat hərəkətləri üzrə səyyar xidmət göstərə bilərlər. Eyni zamanda, yeni qanuna əsasən məsafədən xidmətlərin göstərilməsini mümkün edən elektron ədliyyə köşkü də yaradılıb. Belə ki, təxirə salınmadan ədliyyə xidmətlərinə ehtiyac yarandığı yerlərdə, o cümlədən sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılacaq həmin köşklər notariuslarla videoəlaqə vasitəsilə notariat hərəkətinin rəsmiləşdirilməsinə və sənədlərin bilavasitə yerində əldə edilməsinə şərait yaradacaq. Həftənin bütün günləri 24 saat fəaliyyət göstərən bu innovativ qurğudan istifadə edərək borca görə ölkədən çıxışına məhdudiyyət qoyulmuş şəxslər ödənişləri həyata keçirə və məhdudiyyəti avtomatlaşdırılmış qaydada aradan qaldıra bilərlər. Dünya təcrübəsində rast gəlinməyən və Azərbaycan məhsulu olan mobil notariat qovluğunun tətbiqi nəticəsində istənilən şəxs ətrafında olan bütün notariat ofisləri və notariuslar, həmçinin notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli rüsum və haqqın məbləğləri, tələb olunan sənədlər və notariat hərəkətinin aparılmasında iştirak etməli şəxslər barədə məlumat alacaq. Funksiyanın əsas özəlliyi isə şəxsin iştirakçısı olduğu bütün notariat hərəkətləri ilə bağlı sənədlərin vahid mənbədə - mobil telefonda saxlanılması, istənilən vaxt elektron versiyadan istifadə etməsi, eləcə də sənədin qüvvədən düşməsi barədə məlumatı dərhal almasıdır.