Qaçqın və məcburi köçkünlərin də əmanətləri qaytarılacaq - Nazir
31 May 2012 17:36 İqtisadiyyatErmənistanın Azərbaycana qarşi təcavüzü nəticəsində Ermənistandan deportasiya olunan və Dağlıq Qarabağdan didərgin düşmüş qaçqın və məcburi köçkünlər də sovet banklarındakı əmanətləri ala biləcək. "OLAYLAR"ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov məlumat verib. Nazir bildirib ki, həmin proses zamanı əmanət kitabçalarını itirən və sənədlərində problem olan Azərbaycan vətəndaşlarının əmanətləri qaytarılacaq: "Bunun üçün Maliyyə Nazirliyində baza var və məlumatlar həmin bazada yoxlanılacaq. Yaxşı olardı ki, həmin şəxslər ya əmanət kitabçalarını və digər sənədləri qalıbsa, həmin sənədlər "Kapitalbank"a təqdim edilsin. Əgər yoxdusa, bu şəxslər ərizə ilə müraciət edəcək və Xüsusi Komissiya həmin ad və soyadla axtarış aparıb bazadan məlumatları toplayacaq. Bununla da həmin vətəndaşların əmanətləri qaytarılacaq".