“Alstom” ilk yük lokomotivini Azərbaycana çatdırıb
20 Dekabr 2018 17:10 İqtisadiyyat"Alstom" şirkəti Bakı-Tbilisi-Qars regional dəmir yolu xəttində işləyəcək 40 yük lokomotivindən birincisini "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə çatdırıb. "OLAYLAR"=a Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, Qazaxıstanda "EKZ" Müştərək Cəmiyyətində istehsal olunan lokomotiv 7 dekabr tarixində Astanadan yola salınaraq Azərbaycana, Biləcəri qəsəbəsinə gətirilib.
"Alstom" şirkətinin Qərbi və Mərkəzi Asiya Bölgəsi üzrə İcraçı Direktoru Bernard Peille: "Biz "Azərbaycan Dəmir Yolları"nın strateji partnyoru olmaqdan və ölkədə yük nəqliyyatına artan ehtiyacı qarşılamaqda kömək edəcək ilk yük lokomotivini çatdırmaqdan məmnunluq duyuruq".
Şirkət bir neçə ay ərzində Azərbaycan dəmir yolu infrastrukturunda təsdiqləyici sınaqlar keçirəcək.
"Alstom" şirkətinin "Prima" seriyası ağır yük, yük və sərnişin əməliyyatları və manevr yaxud yol işləri əməliyyatları üzrə bütün lokomotiv bazar seqmentlərini əhatə edir. AZ8A Azərbaycan üçün işlənib hazırlanmış Prima T8 ağır yük lokomotividir. O, hazırda Qazaxıstanda xidmət göstərən KZ8A lokomotivlərinə və ADY-nin spesifik texniki tələblərinə əsaslanır, GOST (Müstəqil Dövlətlər Birliyinin texniki standartlaşdırma təşkilatı) standartlarına və göstəricilərinə uyğundur. 1990-cı ildən bu günə qədər, bütün dünyada 3000-dən çox Prima lokomotivi satılıb.