Ölkədə aqrar islahatlar davam etdirilir

“Prezidentin son Fərmanı bu islahatların mühüm tərkib hissəsidir”

"Prezidentin son Fərmanı bu  islahatların mühüm tərkib hissəsidir"

Ölkədə iqtisadiyyatın əsas aparıcı sahələrindən olan aqrar sektorda islahatlar davam etməkdədir. İslahatların davamı olaraq prezident İlham Əliyev kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunub ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilməsi təşkil edilib, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilib. Ötən 14 il ərzində "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti ölkəyə 42 mindən çox texnika, 35 mindən çox damazlıq heyvan gətirib, güzəşt tətbiq edilməklə istehsalçılara lizinqə verib və ya satıb. Hazırda istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, yüksək məhsuldarlıq hədəflərinə çatmaq üçün innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə, aqrotexniki xidmətlər göstərilməsində rəqabətin və keyfiyyətin yüksəldilməsinə, kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranıb. Bu fərmanla kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, texnikanın və damazlıq heyvanların lizinq vasitəsilə güzəştli satışı mexanizminin təkmilləşdirilməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadə məqsədilə "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası" təsdiq edilir.

Qaydaya uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara (lizinq və ya kredit yolu ilə) şamil edilir. Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil edəcək və qiymətləndirmənin nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edəcək. Mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri Cəmiyyətin zərəri hesabına ödəniləcək, mövcud qalıq portfeldən yığılan vəsait (Cəmiyyətin saxlanması və fəaliyyətinin təmin olunması üçün tələb olunan vəsait həcmi istisna olmaqla) bu fərmanla təsdiq edilmiş Qaydaya uyğun olaraq müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq hesabına köçürüləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov verib ki, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair" imzalanmış Fərman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi aqrar islahatların mühüm tərkib hissəsidir. 
Onun sözlərinə görə, ötən 14 il ərzində "Aqrolizinq" vasitəsilə ölkədə kənd təsərrüfatı texnika və damazlıq heyvan bazasının formalaşması və təkmilləşməsi fəaliyyəti həyata keçirilib. Bu müddət ərzində 44 minə yaxın kənd təsərrüfatı texnikası idxal olunaraq 40 faiz güzəştlə satılıb; 35 mindən artıq damazlıq heyvan idxal olunaraq 40 faiz güzəştlə lizinqə verilib; 795 min ton gübrə və 300 min litr pestisidin güzəştli satışı təşkil edilib; 55 aqroservis formalaşdırılaraq texniki servis xidməti göstərilib. Hazırda isə istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə, kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranıb: "Fərmana əsasən, bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Texnika və damazlıq heyvan satışı "Aqrolizinq" tərəfindən deyil, təchizatçı şirkətlər tərəfindən həyata keçiriləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarında rəqabət güclənəcək, qiymətlərdə azalma müşahidə olunacaq. "Aqrolizinq"in portfeli, texnika və damazlıq heyvanlara güzəştlərin tətbiqi funksiyaları Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüləcək."Aqrolizinq" hələlik digər funksiyalarını davam etdirəcək."Aqrolizinq" ASC kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışında iştirak etməyəcək, yalnız gübrə və pestisidlərin satışını həyata keçirən bazar iştirakçılarından biri olacaq. Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi artıq "Aqrolizinq"də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək. Kənd təsərrüfatı texnikasının lizinqi zamanı dövlət texnikanın ilkin dəyərinin 40 faizini subsidiya şəklində ödəyəcək. Fermer 20 faiz ilkin ödəniş edəcək, qalan 40 faiz isə fermerə müvəkkil bank tərəfindən kredit şəklində veriləcək. Müvəkkil banklar tərəfindən tətbiq olunan maksimum 7% olan kredit faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Damazlıq heyvanlarda isə dövlətin tətbiq etdiyi subsidiya 10% artırılaraq 50%-dən 60%-ə qaldırılacaq. Vətəndaş qalan məbləğin 25 faizini ilkin ödəniş edəcək, 15 faizini isə banklar kredit şəklində rəsmiləşdirəcək". Vüqar Hüseynov bildirib ki, aparılan islahatlar nəticəsində kənd təsərrüfatı texnikası və damazlıq heyvan bazası artmış olacaq və daim yenilənəcək: "Fərmana əsasən, "Aqrolizinq"in tabeliyində olan aqrotexniki servis xidmətləri mərhələli şəkildə özəlləşdiriləcək. Özəlləşdirmə aqrotexniki xidmətlərin keyfiyyətinin artmasına müsbət təsir göstərəcək. Kənd təsərrüfatı texnikası ehtiyat hissələrinin istehsalı, satışı və idxalının əlavə dəyər vergisindən azad olunması da nəzərdə tutulur".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31