İyunun 1-dən sovet banklarındakı əmanətlər qaytarılır
Əmanət sahiblərinin “Kapital Bank”a ərizə qəbulu başlandı
31 May 2012 17:19 İqtisadiyyatMayın 31-də Maliyyə Nazirliyində Azərbaycanda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Bankında yerləşdirilmiş əmanətlərin qaytarılması ilə bağlı mətbuat konfransı keçirildi. Tədbiri giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov proses barədə məlumat verdi. Bildirdi ki, artıq iyunun 1-dən etibarən Azərbaycanda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Bankında yerləşdirilmiş və keçən əsrin 90-cı illərinin əvvəllərində baş vermiş yüksək inflyasiya nəticəsində dəyərdən düşmüş bank əmanətlərinin qaytarılması prosesinə başlanacaq. Nazir qeyd etdi ki, iyunun 1-dən prezidentin müvafiq fərmanında göstərilən və müvafiq şərtlərə cavab verən, yəni Azərbaycan vətəndaşı olan, əmanət kitabçası olan şəxslər və ya onların vərəsələri, yaxud nümayəndələri "Kapital Bank"ın filial, şöbə və ya xidmət bölmələrinə müraciət edə bilərlər.
S.Şərifov qeyd edib ki, əmanətçi tərəfindən ərizə təqdim olunandan sonra ən gec 5 gün ərzində əmanət üzrə birdəfəlik ödəniş aparılması nəzərdə tutulub. Lakin sənədlərdə hər hansı çatışmazlıq olarsa, o cümlədən kitabçanın itirilməsi, yararsız hala düşməsi və s. hallarda bu müddət uzana bilər. Ərizələrin qəbulu 2012-ci il dekabrın 31-nə, birdəfəlik ödəmələrin keçirilməsi 2013-cü il dekabrın 31-nə qədər nəzərdə tutulub ki, uzadılmış bir il ərzində problemli əmanətlər üzrə araşdırmalar aparılacaq. Nazir bu prosesin 2,4 mln. bank hesabını əhatə edəcəyini də deyib: "Əmanətlərin qaytarılması üçün nəzərdə tutulan maliyyə vəsaiti isə 1 mlrd. manata yaxındır. Bu məbləğ maksimum kimi götürülüb və hələlik təxmini rəqəmdir".
Sonda nazir bildirib ki, əmanətlərin qaytarılması üzrə sənədlərdə hər hansı problem və ya çatışmazlıq olduğu halda, Maliyyə Nazirliyi nəzdində yaradılan Xüsusi Komissiyaya müraciət etmək mümkündür.
Tədbirdə "Kapital Bank" tərəfindən proseslə bağlı təqdimat da keçirildi. Bildirildi ki, bankın saytında ərizə qəbul edəcək məntəqələrin ünvanları göstərilib. Bildirilib ki, bankın saytı vasitəsilə əmanət kitabçasının nömrəsini daxil etməklə hansı məntəqəyə müraciət olunacağını bilmək olar.
Samir