Ölkədə aqrar sahənin inkişafı təmin olunub

İdxaldan ixraca keçid istiqamətində ciddi iş aparılır

İdxaldan ixraca keçid istiqamətində ciddi iş aparılır

Cari ildə ölkədə ərzaq təhlükəsiziliyinin təminatı məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib. Qətiyyətlə demək olar ki, xüsusən aqrar sahənin inkişafı məqsədilə görülən mühüm işlər öz nəticəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının intensiv inkişafı torpaqların münbitliyi və su ilə təminatı ilə sıx bağlı olduğu  üçün ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi müasir aqrar siyasətdə meliorasiya və irriqasiya məsələlərinə də xüsusi diqqət verilir. Dövlət büdcəsinin vəsaiti hesabına "Taxtakörpü" su anbarının, "Taxtakörpü-Ceyranbatan" kanalının, "Vəlvələçay-Taxtakörpü" kanalının" istifadəyə verilməsi, Şəmkirçay su anbarından Goranboy rayonuna kanalın və Neftçala su kanalının tikintisinin davam etməsi, habelə digər layihələrin reallaşması nəticəsində  keçən il 31,5 min hektar sahədə suvarılan torpaqların su təminatı və 16,7 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşıb, 71,5 min hektar yeni torpaq sahələrinə suvarma suyunun çatdırılması təmin edilib. Oktyabrın 9-da  Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin  qeyd etmişdir ki: "Bu il biz 100 min hektar torpağa su çatdırmışıq, 270-dən çox subartezian quyusu qazılıb, hələ ilin sonuna kimi 30-da qazılacaq".

Ölkəmizdə formalaşan müasir aqrar siyasətin əsas istiqamətlərindən biri də kənd təsərrüfatının dinamik və davamlı  inkişafını təmin etmək  üçün idxaldan ixraca transformasiyanın təmin edilməsidir. Yəni ölkənin daxili tələbatını tam ödəməklə  məhsulun ixracını həyata keçirib valyuta ehtiyatlarını artırmaqdır. Bunun üçün ölkəmizdə çox böyük imkanlar mövcuddur. Bu məqsədlə aqroparkların yaradılması olduqca vacibdir. Aqroparklarda məhsul istehsalı ilə yanaşı həmin məhsulların emalı, qablaşdırılması, daxili və xarici bazarlara çıxarılması və digər lazımi proseslər həyata keçirilir. Hazırda ölkəmizdə 192 min hektar sahədə 45  aqroparkın yaradılması prosesi gedir və onlardan dördü artıq fəaliyyətə başlamış və ilin sonuna kimi açılan aqroparkların sayı 13-ə çatacaq.  Aqroparkların istifadəyə verilməsi respublikamızda istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının  rəqabət qabiliyyətinin yüksəlməsinə, bu məhsulların ixrac potensialının inkişafına və  qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun xarici tiicarətinin genişlənməsinə çox böyük təsiri olacaq. Müasir şəraitdə ölkə əhalisini bütün il boyu təzə kənd təsərrüfatı məhsulları ilə təmin etmək və bu məhsullarla xarici bazarlara çıxmaq üçün logistik mərkəzlərin tikintisinə böyük əhəmiyyət verilir.  Bu barədə Nazirlər Kabinetinin iclaslarında Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz əvvəlki dövrlərdə bölgələrdə logistik mərkəzlərini əsasən məhsulun xarab olmaması, saxlanması və daxili tələbatın təmin edilməsi üçün tikirdik. Ancaq bizim ixrac potensialımızın artması bölgələrdə böyük logistik mərkəzlərin tikilməsini tələb edir. Artıq Şəmkir rayonunda belə bir mərkəz yaradılıb və daha üç böyük logistik mərkəzinin respublikamızın Aran, şimal və cənub bölgələrində tikilməsinə ehtiyac vardır.

Kənd təsərrüfatında həyata keçirilən ən mühüm tədbirlərdən biri olan idxaldan ixraca transformasiyanın  təmin edilməsinə sənaye zonalarının tikintisinin genişlənməsi  də öz müsbət təsirini  göstərəcək. Belə ki,  Nefçala Sənaye Məhəlləsində dairəvi suvarma sistemləri, polietilen suvarma boruları, balıq yemi və balıq məhsulları istehsalı müəssisəsiləri fəaliyyət göstərəcək, Mingəçevir Yüksək Texnologiyalar Parkında isə bir neçə tekstil təmayüllü  müəssisələr kənd təsərrüfatı xammalının son məhsuladək emalını həyata keçirəcəklər. Yalnız bu müəssisələrin işə düşməsi kənd təsərrüfatı məhsullarının becərilməsində istifadə olunan bir çox avadanlıqların, kənd təsərrüfatı məhsullarından hazırlananan malların və digər məhsulların  idxalına son qoymaqla bir çox məhsulların ixracına  şərait yaradacaq. Hazırda sənaye zonalarının genişləndirilməsi və hər bir rayonda yaradılması üçün geniş tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli  Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan  Respublikasında  kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə ölkənin kənd təsərrüfatının inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub  və onların icrasını təmin edən tədbirlər təsdiq olunub. Artıq respublikamızda bu tədbirlərin icrasına başlanılıb və nəzərdə tutulan müddətlərdə  ölkəmizdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanmaqla, kənd təsərrüfatında transformasiya üçün geniş əhatəli  əlverişli şərait təmin ediləcək.

Prezident İlham Əliyevin daim diqqət və nəzarətində olan məsələdən biri də ölkəmizdə yüksək gəlir verən və əməktutumlu  ənənəvi  kənd təsərrüfatı istehsalı olan pambıqçılıq, çayçılıq, baramaçılıq, tütünçülük, fındıq və sitrus meyvəçiliyi, habelə digər  sahələrin bərpası və inkişaf etdirilməsidir. Məhz dövlət başçısının bu sahələrə diqqət və qayğısının nəticəsidir ki, unudulub tamamilə sıradan çıxmaq təhlükəsi ilə üzləşən  bu sahələrdə son 2-3 ildə   əsaslı dönüş yaranıb, bu məhsulların istehsalı  dəfələrlə artıb, bu sahələr üzrə Dövlət Proqramları  qəbul edilib. Bu sahələrin inkişafını stimullaşdırmaq üçün Prezidentin imzaladığı müvafiq sənədlər əsasında  subsidiyalar verilir, alış qiymətləri artırılır  və  respublikamızın sosial-iqtisadi inkişafına dair keçirilən elə bir görüş və iclas yoxdur ki, İlham Əliyev  bu sahələri dərindən təhlil edib öz tövsiyələrini verməsin. Bu barədə dövlət başçısı oktyabrın 9-da  Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki: "Mingəçevir sənaye parkında 2 böyük iplik fabriki işləyir. Orada 750 insan işlə təmin olunub. Orada işləyənlər əsasən qadınlardır. Bu iplik fabriklərinə 80 milyon dollar sərmayə qoyulub. Bu, bizim ixrac potensialımızı  genişləndirirvə biz mahlıcı ipə çevirərəkartıq daha da yalyutatutumlu  məhsul ixrac edirik. Bu prosesin davamı olmalıdır ki, biz artıq hazır məhsula da nail ola bilək".

Ölkəmizdə idxaldan ixraca keçidi təmin etməyə yönəlmiş müasir aqrar siyasətin əsas istiqamətlərindən biri də kənd ərazilərinin sosial simasını kökündən yaxşılaşdırmaqdır. Belə ki, hazırkı şəraitdə kənd ərazilərinin sosial inkişafını təmin etmədən kənd təsərrüfatının dinamik və dayanıqlı  inkişafına nail olmaq mümkün deyildir.  Bu məqsədlə respublikamızın kəndlərində hər il böyük həcmdə  təhsil, səhiyyə, mədəniyyət, rabitə obyektlərinin tikintisi, yaşayış məskənlərinin işıq, qaz, içməli su ilə tam təmin olunması, kəndarası yollara asfalt salınması və digər sosial  yönümlü işlər görülür. Onların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Kənd təsərrüfatının intensiv inkişafını təmin edən amillərdən biri də yüksək ixtisaslı mütəxəssislərlə yanaşı peşəkar kadrların mövcudluğudur. Belə ki, keyfiyyətli məhsul istehsalını təmin edən yüksək məhsuldarlığa malik texnika və texnologiyalardan səmərəli istifadə olunması üçün xüsusi hazırlıq keçmiş peşə sahiblərinə ehtiyac getdikcə artır. Bunu nəzərə alaraq və eyni zamanda ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi ilə bağlı ilk peşə-ixtisas  təhsili müəssisələrində "Pambıqçı", "Baramaçı", "Tütün ustası" kimi ixtisaslarla yanaşı , "Suvarma sistemlərinin operatoru", "Soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator", "Bitkiçilik mütəxəssisi", "Aqroservis mütəxəssisi", "Heyvandarlıq mütəxəssisi" kimi yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılıb. Bu tədbirlərin həyata keçirilməsi kəndə və kənd təsərrüfatına marağı artırmaqla yüksək ixtisaslı mütəxəssisləri və peşəkar  kadrları  aqrar sahəyə cəlb etməyə   və məhsul istehsalının səmərəsini  yüksəlməyə şərait yaradır.

Zəka 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31