Kənd təsərrüfatında inkişaf saxta statistikaya əsaslanıb - ARAŞDIRMA

Nazirin etirafları bu sahədə ciddi problemlərin qalmasından xəbər verir

"Olaylar"ın kənd təsərrüfatı ilə bağlı dərc etdiyi məlumatlar öz yerini tapır. Belə ki, mütəmadi olaraq kənd təsərrüfatında olan problemlər barəsində dərc olunan məqalələrdə də göstərildiyi kimi, bugünkü kənd təsərrüfatı saxta statistika üzərində qurulub. Bunu kənd təsərrüfatı naziri mətbuata verdiyi açıqlamasında birbaşa olmasa da dolayısı ilə təsdiq edib. Nazir deyib ki, Azərbaycan bu il də taxıla olan tələbatını tam ödəyə bilməyəcək. Nazir bunu toxumçuluq təsərrüfatlarının yüksək məhsul verən toxum sortları yetişdirə bilməməsi ilə izah edib. Məsələnin mahiyyətinə varanda isə məlum olur ki, bu gün taxılçılıq sahəsində ciddi problemlər var. Belə ki, taxılın istehsalı ilə olan məşğul olan fermerlər dövlət tərəfindən onlar üçün ayrılan subsidiyalardan tam və zamanında istifadə edə bilmirlər. Araşdırmalar da onu göstərir ki, taxıl istehsalı ilə məşğul olan fermerlər bu kimi süründürməçilik halları ilə rastlaşdığı üçün taxıl istehsalı prosesində iştirak eləmək istəmir. Fermerlər qeyd edirlər ki, məhsulun istehsalı prosesi üçün dövlət tərəfindən ayrılan subsidiya xərclərin bir hissəsini ödəməyə imkan yaradır. Fermerlər bu maliyyə ilə texnika xərclərini ödəyə bilirlər. Bəzən elə hallar olur ki, ayrılan subsidiyalar fermerlər üçün yetərli olmur. Belə olan halda fermer müxtəlif  maliyyə qurumlarına müraciət etməli olur. Nəticədə yüksək faizlə maliyyə əldə edən fermerin qazancı banklar tərəfindən mənimsənilir. Respublikanın ayrı-ayrı şəhər və rayonlarından olan fermerlərlə apardığımız söhbət zamanı məlum olur ki, taxıl və buğda əkini ilə məşğul olan fermerlərin sayı ilbəil azalır. Fermerlər bunun həm istehsal prosesində üzləşdikləri çətinliklər, həm də satış problemi ilə əlaqədar olduğunu bildirirlər. Ən ciddi problem kimi isə subsidiyalarla bağlıdır. Bir çox fermerlər qeyd edir ki, subsidiyaların hesablanması qaydasında da qohumbazlıq prinsiplərinə yer verilir. Məsələn, rayon icra hakimiyyətinin yaxın qohumu ilə sadə fermer eyni səviyyədə subsidiya ala bilmir. Baxmayaraq ki, hər ikisi eyni ölçüdə olan sahədə əkin-biçin işləri aparır. Burada saxta statistika yolu ilə sənədlər hazırlanır. Yerli icra orqanlarından lazımi sənədlər toplanır. Nəticədə məmurun qohumu digər fermerlərdən fərqlənir. Digər məqam isə fermerlərin subsidiya alması ilə bağlıdır. Belə ki, fermerlər qeyd edirlər ki, bir çox hallarda əkin-biçin üçün nəzərdə tutulan subsidiyanı almaq üçün aidiyyatı qurumlardan lazımi sənədlərin toplanmasında bürokratik əngəllər yaradılır.  Bu sənədlərdə əkin sahələri süni olaraq şişirdilir. Nəticədə əldə olunan vəsait yerli icra orqanlarına çatır. Fermerlər deyir ki, bununla bağlı aidiyyatı yerlərdən yoxlama gələndə də düşünülmüş şəkildə digər sahələr göstərilir. Beləcə fermerin adı ilə dövlət büdcəsindən alınan pul yerli icra orqanları tərəfindən mənimsənilir. Digər məqam isə fermerlərə təklif olunan gübrələrin güzəşt adı altında bazar qiymətlərinə təklif olunmasıdır ki, bu sahədə olan problemlər nəticəsində fermerlər demək olar ki, gübrələrdən istifadə etmirlər. Bu da öz növbəsində məhsuldarlığa təsirini göstərir. Ümumilikdə bu istiqamətdə aparılan araşdırmalar onu deməyə əsas verir ki, Azərbaycanda kənd təsərrüfati yarıtmaz kadrların əli ilə idarə olunduğundan ciddi problemlər qalmaqdadır. Sadəcə yalan, saxta statistika ilə özlərini reklam edən məmurlar son nəticədə əsl həqiqəti söyləməyə məcbur olurlar.

Ədil 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31