"Rəqabətli iqtisadiyyatın yaranmasında İKT sahəsinin inkişafı mühümdür"
“XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar - “Bakutel-2018” sərgisi ölkəmizdə İKT sahəsinə göstərilən diqqətin bariz nümunəsidir”. Bu fikirləri Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib.
5 Dekabr 2018 14:06 İqtisadiyyat"XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar - "Bakutel-2018" sərgisi ölkəmizdə İKT sahəsinə göstərilən diqqətin bariz nümunəsidir". Bu fikirləri Milli Məclisin deputatı, iqtisadçı Rüfət Quliyev deyib.
O bildirib ki, sərgilərdə iştirak edən dövlətlərin ildən-ilə artması ölkəmizdə İKT sahəsinin inkişafının göstəricilərindən hesab etmək olar: "Artıq illərdir ki, ölkəmizdə "Bakutel" sərgiləri keçirilir və Azərbaycan Prezidenti bu sərgilərə qatılaraq öz dəyərli fikirlərini bildirir. Dövlət başçısının bu sahəyə göstərdiyi diqqəti sayəsində də sərgidə iştirak edən xarici şirkətlərin sayı ildən-ilə artır. Artıq XXIV sərgidə 20 ölkədən 230-dan çox şirkət edir. Sərgidə ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya və digər ölkələrinin milli pavilyonlarının təmsil olunmasının özü çox mühüm göstəricidir".
Son illər ölkəmizdə İKT sahəsinə ayrılan diqqətin daha da artdığını dilə gətirən R. Quliyev söyləyib ki, rəqabətli iqtisadiyyatın yaranmasında İKT sahəsinin inkişafı ölkəmizdə qarşıya qoyulan əsas istiqamətlərdən biridir: "Məhz bunun nəticəsidir ki, Azərbaycanda qeyri neft sektorunun inkişafı istiqamətindən atılan addımlar, həyata keçirilən proqramlar, görülməsi nəzərdə tutulan planların hər birində İKT-nin inkişafı ilə bağlı məsələlər xüsusi çəkiyə malikdir. Azərbaycan bu sahənin daha da inkişaf etdirilməsində maraqlı ölkədir".
Deputat qeyd edib ki, Azərbaycanın bu il orbitə üçüncü peykini buraxmasının özü də ölkəmizdə İKT sahəsinin inkişafının ən mühüm göstəricilərindən biridir: "Dünyada post sovet ölkələri sırasında İKT istiqamətdə atılan addımlara görə Azərbaycan ilk sıralarda yer alır. Hətta ölkəmiz dünya reytinqində əhalisinin telefon istifadəsinə görə də qabaqcıl sıralarda qərarlaşmaqdadır. Bu da o deməkdir ki, Azərbaycanda telefon istifadəçilərinin sayı çoxdur. Bundan başqa ölkəmizdə internet istifadəçilərinin sayı da kifayət qədər yüksəkdir. Artıq ölkəmizdə bir sıra xidmətlər elektron şəkildə həyata keçirilir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, sürətlə inkişaf edən Azərbaycan bu sahənin inkişafı ilə bağlı dünyada gedən proseslərdən geri qalmır. Odur ki, informasiya texnologiyalarının inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə daha böyük uğurların əldə edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir".
SİA