Maliyyə Nazirliyi QHT-lərə çağırış etdi
Hesabatların vaxtında təqdim edilməməsi inzibati məsuliyyət kimi qəbul edilə bilər
14 Fevral 2013 15:58 İqtisadiyyatQeyri-hökumət təşkilatları tərəfindən tərtib edilmiş illik hesabatların elektron formada Maliyyə Nazirliyinə təqdim edilməsi məqsədi ilə nazirliyin rəsmi www.maliyye.gov.az internet saytında Elektron xidmətlər - hesabatların qəbulu - maliyyə hesabatları - QHT-nin maliyyə hesabatları bölməsi yaradılıb. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-Hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın 3.1-ci bəndi ilə əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərin qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatlarının tərkib hissələrindən biri kimi müəyyən edildiyini nəzərə alaraq, Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının 7-ci "Qeydlər" bölməsinin tələblərinə əsasən həmin qeydlərdə hesabat formalarının aktiv, öhdəlik, kapital, gəlir və xərc üzrə əks etdirilmiş bütün maddələri açıqlanmalıdır.
Məlumatda o da bildirilir ki, maliyyə hesabatlarının yuxarıda göstərilən müddətdə, formada təqdim edilməməsi, dərc edilməməsi və tələb edilən məlumatların göstərilməməsi İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsində göstərilən inzibati məsuliyyəti yaradan hal kimi qəbul ediləcək və həmin maddəyə uyğun olaraq müvafiq qeyri-hökumət təşkilatlarına inzibati cərimələr tətbiq ediləcək.
Qeyri-hökumət təşkilatları tərəfindən illik maliyyə hesabatlarının hazırlanması ilə bağlı yaranmış suallara [email protected] email ünvanına müraciət edə bilərlər.