Goranboyda yem emalı müəssisələri istifadəyə verilib

Goranboy rayonunun Faxralı və Qaradağlı kəndlərində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisələri fəaliyyətə başlayıb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, bununla əlaqədar İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Adilov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə sahibkarlığın inkişafı, bu sahədə həyata keçirilən islahatlar və dəstək mexanizmləri barədə məlumat verib, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, ölkədə kiçik və orta biznesin inkişafına dəstək məqsədilə yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "KOB Dostu", "KOB evi" kimi dəstək mexanizmləri vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərir. Regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Goranboy rayonunun Faxralı və Qaradağlı kəndlərində yem emalı müəssisələrinin istifadəyə verilməsi bölgədə kiçik və orta biznesin inkişafında, məşğulluğun artırılmasında əhəmiyyətli tədbirlərdir. Məlumat verilib ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi çərçivəsində tikilmiş yem emalı müəssisələrində istehsal sahəsi yaradılıb və anbar inşa olunub. Müəssisələrdə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31