Məlumat Hesablama Mərkəzi Cənubi Koreyanın nəhəng İKT şirkəti ilə memorandum imzalayıb
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə “Samsung Electronics” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
3 Dekabr 2018 16:54 İqtisadiyyatAzərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə "Samsung Electronics" arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Nazirliyin ictimaiyyətlə əlaqə sektorundan "OLAYLAR"-a bildirilib ki, memorandumu dünyanın texnologiya nəhəngi Cənubi Koreyanın "Samsung Electronics" şirkəti tərəfindən Azərbaycan nümayəndəliyinin rəhbəri Jae Hun Lee və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov imzalayıb. Sazişin əsas məqsədi tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsidir. Cari ilin sentyabrında tərəflər arasında baş tutmuş görüşün və aparılmış danışıqların nəticəsində imzalanmış bu memoranduma görə, hər iki təşkilat innovativ həllərin və proqram təminatlarının hazırlanması sahəsində birgə çalışacaq.
Bu əməkdaşlıq çərçivəsində artıq tətbiqinə başlanmış, yerli mütəxəssislər tərəfindən hazırlanan "AzDoc" adlı proqram üçün xüsusi platforma hazırlanır. "AzDoc" müəssisə və təşkilatlarda sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən yeni bir alətdir. Proqram artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxilində tətbiq olunur. Gələcəkdə isə bütün dövlət təşkilatları bu proqramla işləyə bilər. Bu proqram "Elektron imza və Elektron sənəd haqqında" qanuna və kargüzarlıq təlimatlarına tam uyğundur. Bu proqramda sənədləri elektron imza ilə imzalamaq da mümkündür.
Beləliklə, "Samsung" şirkəti ilə birgə Məlumat Hesablama Mərkəzi KNOX mobil təhlükəsizlik platforması üzərində mobil imzanın tətbiqini reallaşdırır. Təkmilləşdiriləcək yeni platforma üzərindən istifadəçilər istənilən yerdə sənədlərini oxuya və imzalaya biləcək.