Yaqub Eyyubov: “Azərbaycan “Lapis-Lazuli” layihəsinin reallaşdırılması üçün əlindən gələni edəcək”
Türkmənbaşı şəhərində tranzit və nəqliyyat əməkdaşlığı haqqında “Lapis-Lazuli” Sazişinin iştirakçısı olan ölkələrin (Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə) nəqliyyat nazirlərinin beynəlxalq konfransı keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Olaylar”a bildirilib ki, konfransın işində Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
29 Noyabr 2018 16:30 İqtisadiyyatTürkmənbaşı şəhərində tranzit və nəqliyyat əməkdaşlığı haqqında "Lapis-Lazuli" Sazişinin iştirakçısı olan ölkələrin (Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə) nəqliyyat nazirlərinin beynəlxalq konfransı keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Olaylar"a bildirilib ki, konfransın işində Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Plenar iclasda çıxış edərək bildirib ki, Azərbaycan "Lapis-Lazuli" layihəsinin reallaşdırılması üçün əlindən gələni edəcək. Baş nazirin birinci müavini deyib ki, nəqliyyat sahəsi Azərbaycan-Türkmənistan tərəfdaşlığının strateji istiqamətlərindən biridir. Bu sahədə tranzit-nəqliyyat və logistika infrastrukturunun yaradılması və inkişaf etdirilməsi üçün geniş imkanlar var. Yaqub Eyyubov Azərbaycan Prezidentinin bu günlərdə Türkmənistana rəsmi səfər etməsini xatırladaraq deyib ki, həmin səfər müddətində nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Səfər çərçivəsində imzalanmış 21 sənəddən 9-u tranzit-nəqliyyat əməkdaşlığına aiddir. Bu il Bakı və Türkmənbaşı şəhərlərində açılmış limanları "Lapis-Lazuli" nəqliyyat marşrutunun əsas yükaşırma məntəqələri adlandıran Y.Eyyubov bildirib ki, Bakı limanının yükaşırma qabiliyyəti birinci mərhələdə ildə 15 milyon tona, növbəti mərhələdə isə ildə 25 milyon tona bərabər olacaq. Tranzit-nəqliyyat əməkdaşlığını ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın mühüm amillərindən biri adlandıran Azərbaycan Baş nazirinin birinci müavini xatırladıb ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyləri ilə bir il bundan əvvəl istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Asiyanı Avropa ilə birləşdirən ən qısa marşrutdur.
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə forumda "Tranzit-nəqliyyat dəhlizinin fəallaşmasında dövlətlərarası əməkdaşlığın rolu, tranzit-nəqliyyat dəhlizlərinin inkişafında logistik şirkətlərin əhəmiyyəti" seksiyasında çıxış edib. O vurğulayıb ki, nəqliyyat və tranzit infrastrukturunun inkişafı Azərbaycanın hərtərəfli inkişafı, qarşıdakı illərdə onun sabit və ardıcıl tərəqqisinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətlərindəndir. 2016-cı ilin sonunda Azərbaycanda iqtisadiyyatın bütün əsas sektorlarını əhatə edən 12 Strateji Yol Xəritəsi qəbul edilib. Strateji Yol xəritələrində başqa sektorlarla yanaşı, logistika və ticarət sektorlarına da diqqət yetirilib, Azərbaycanın regional logistika və ticarət mərkəzi kimi aparıcı rolunun artması qeyd edilib. "Şimal-Cənub", "Bakı-Tbilisi-Qars", "Cənub-Qərb" və "Lapis-Lazuli" beynəlxalq nəqliyyat dəhlizlərinin qovuşduğu məkanda yerləşən Azərbaycan Avropa ilə Asiyanı birləşdirən logistik zəncirin əsas halqasına çevrilmək üçün hər cür şəraitə malikdir.Bu vəzifənin reallaşdırılması, infrastruktur layihələrinə investisiyalar Azərbaycanın ümumi daxili məhsulunu birbaşa 240 milyon manat, dolayısı ilə daha 140 milyon manat və bütövlükdə 380 milyon manat artırmağa, 5500 yeni iş yeri açılmasına imkan verəcək.