SOCAR İstanbulun yeni hava limanında 9 yanacaqdoldurma stansiyası açacaq

Türkiyənin ən böyük xarici investoru olan SOCAR, tikintisi başa çatdıqdan sonra dünyanın ən böyük hava limanı olacaq İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderi qazanıb

Türkiyənin ən böyük xarici investoru olan SOCAR, tikintisi başa çatdıqdan sonra dünyanın ən böyük hava limanı olacaq İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderi qazanıb. "OLAYLAR" SOCAR-a istinadən xəbər verir ki, hava limanı ərazisində, o cümlədən perronda (təyyarələrin dayanacaq meydançasında) yerləşən yeni stansiyalar ümumi istehlakçıları və xidmət avtomobillərini yanacaqla təmin edəcək. Beləliklə, bu stansiyaların operatoru seçilmiş SOCAR, dünyanın illik potensialı 200 milyon sərnişin olan ən böyük hava limanında istehlakçılara xidmət edəcək.

"SOCAR Türkiyə" şirkətinin idarə heyətinin sədri Vaqif Əliyev Türkiyədə ilk dəfə birbaşa istehlakçıya xidmət sektorunda iştirak edəcəklərini söyləyib.

9 stansiyanın 5-i perronda, 1-i karqo daşıma sahəsində, 2-si avtomobil dayanacağı ərazisində yerləşir. Qalan digər stansiya isə Taksiçilər Kooperativinə xidmət edəcək. 2018-ci il dekabrın 31-dən etibarən tam fəaliyyətə başlayacaq bu 9 stansiya 16 280 kv.metrlik bir sahədə xidmət edəcək. "SOCAR Türkiyə"nin hava limanın perron hissəsində yerləşən 5 stansiyası "THY-TGS-Çelebi-HAVA-IGA Yer İşletmeleri"nə aid 4.000-dən çox avtomobili yanacaqla təmin edəcək. Hava limanının qərb hissəsində gömrük anbarları, agentlik binaları, gömrük ofisləri və bütün logistik əməliyyatların daxil olduğu karqo şəhərciyində yer alan 5.000 kv.metrlik sahədə yerləşən stansiya isə karqo şirkətlərinin 1.000-dən çox avtomobili ilə yanaşı sərnişinlərə, onları qarşılayan və yola salan şəxslərə xidmət göstərəcək. Avtomobil dayanacağı ərazisindəki digər iki SOCAR stansiyası hər gün 30-dan çox avtomobil kirayələmə şirkətinə aid 1.200 avtomobilin yanacaq təminatını həayat keçirəcək. SOCAR-ın yanacaqdoldurma stansiyalarından gündə ümumilikdə 10.000 avtomobilin istifadə etməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31