“Bakutel-2018” sərgisində autizmli uşaqlara dəstək məqsədilə hərrac keçiriləcək

4-7 dekabr tarixlərində baş tutacaq "Bakutel-2018" 24-cü Azərbaycan  Beynəlxalq  Telekommunikasiya,  İnnovasiya  və Yüksək Texnologiyalar  sərgi-konfransı çərçivəsində "İdeyadan Biznesə" layihəsi çərçivəsində respublikamızın 8 bölgəsində keçirilən startap turları zamanı çəkilmiş illüstrativ rəsmlərin xeyriyyə hərracı keçiriləcək.

"OLAYLAR"-a  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqə sektorundan bildirilib ki, hərracdan toplanmış vəsait "Birgə və Sağlam" İctimai Birliyində reabilitasiya keçən autizmli uşaqlara dəstək məqsədi ilə istifadə olunacaq. Hərrac 5 dekabr tarixində, "JW Abşeron Marriott" otelində saat 20:00-da təşkil olunacaq.

Qeyd edək ki, rəsmlər tanınmış illüstrator-rəssam Mahir Qafarov tərəfindən çəkilib.

Məlumat üçün bildirək ki, "Bakutel-2018" sərgi-konfransı çərçivəsində 6-7 dekabr tarixində Bakı şəhərində yerləşən Uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası da təşkil olunacaq.  Onlar sərgidə fəaliyyət göstərən pavilyonlarla tanış olmaq və innovativ oyun zonasında əylənmək şansı əldə edəcəklər.

Xatırladaq ki, "Bakutel-2018" sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" ("CEO") şirkətinin təşkilatçılığı və "Azercell" şirkətinin baş sponsorluğu ilə keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31