…Beynəlxalq sanksiyalar dayandırılmasa… - REGİON
İran iqtisadiyyatı çökməkdə davam edəcək
13 Fevral 2013 13:30 İqtisadiyyatBu il İranda prezident seçkiləri olacaq. Artıq hazırlıqlar başlayıb. Yayda 11-ci prezident seçkiləri reallaşmalıdır. Ölkədə erkən inqilab başlanmasa, seçkilər baş tutacaq. Müxalifət seçkiyə ciddi hazırlaşır. Hakim molla rejiminin də namizədi hələ dəqiqləməsə də, hazırlıqlar var. Parlamentin sədri Əli Laricani, sabiq xarici işlər naziri Əli Əkbər Vilayətinin aday olacağı gözlənilir. Müxtəlif cinahlara aid olan namizədlər, qeyri-rəsmi şəxslər öz namizədliklərini mediada irəli sürməyə başlayıblar. Ali dini lider Əli Xamneyiyə yaxın olan şəxslər, özlərini müstəqil göstərənlər və islahatçı qüvvələrə mənsub olan siyasi şəxslər daha fəaldır. Maraqlıdır ki, seçki yaxınlaşdıqca hakimiyyət daxilində müxtəlif cinahlar arasında qalmaqallar artır. Bu günlərdə ayətulla Xamneyi parlamentdə prezident Əhmədinejadla Laricani arasında baş verən qarşıdurmaya münasibət bildirib. Güney Azərbaycanlı mühacir, Ankarada yaşayan siyasi şərhçi Elçin Hatəmi deyir ki, özünü bütün qüvvələrin fövqündə göstərsə də, dini lider parlamentin spikerini dəstəkləyir: "Əli Xamneyi açıqlamasında üstüörtülü olaraq parlamentin spikerini dəstəklədi və Əhmədinejadı hədələdi. Xamneyi dedi ki, bəzi dövlət rəsmilərinin əxlaqsızlığı barədə gələcəkdə hər nəyi İran xalqı ilə danışacaq. Xamneyiinin danışıqından sonra İran baş prokuroru və Ali Məhkəmənin sözçüsü Qulamhüseyn Möhsüni Ejei Əhmədinejad və yaxınlarını düşmənlə əməkdaşlıqda ittiham etdi. İnqilab Keşikçiləri Korpusu "SEPAH" rəsmiləri daha sonra Əhmədinejad dəstəsini təhdid etdilər və hökumət daxilindəki siyasilərə xəbərdarlıq etdilər və vurğuladılar ki, Əli Xamneyinin sözünə baxmayanlar və əmrinə tabe olmayan şəxslərlə gələcəkdə hesablaşacağıq". Siyasi şərhçi hesab edir ki, dini liderə yaxın olan qüvvələr Əhmədinejad dəstəsinin ölkədə siyasət meydanından birdəfəlik silməyin şəraitini planlayıblar. Buna baxmayaraq, Mahmud Əhmədinejad da təslim olmaq istəmir, dini lider və tərəfdarlarının oğurluğunu və qanunsuz əməllərini bir-bir ifşa etməyə çalışır: "Əli Xamneyinin yaxınlarının dediyinə görə, ayətullahın səbri artıq tükənib, amma o, seçkilər başa çatana qədər səbr etmək istəyir. Amma seçki bitəndən sonra dini lider hazırkı prezident və onun ətrafı ilə hesablaşacaq. Bu arada Xamneyi və ona bağlı olan qüvvələr ölkədə bütün hərbi, iqtisadi və siyasi sahələri ələ keçiriblər və Əhmədinejad dəstəsini yetərincə zəiflədiblər. Zaman dini liderin xeyrinə və prezdentin zərərinə tükənməkdədir. Əhmədinejad Xamneyinin əmrinə və fərmanına sayğı göstərmir, son güllələrini də atmaqdadır".
Siyasi qovğalara baxmayaraq, dini lider seçkiyə hazırlığı da davam etdirir. Artıq indidən kimlərin seçkiyə buraxılacağı da bəllidir. Elçin Hatəmi deyir ki, namizədləri seçkiyə Xamneyinin nəzarətində olan Ali Nəzarət Şurası buraxacaq: "Seçkiyə bir neçə gün qalanda namizədlərin demək olar ki, 90 % -dən çoxunun səlahiyyəti dini liderin nəzarətində fəaliyyət göstərən Konistitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməyəcək. Kimlər sərf edirsə, seçkiyə də onlar buraxılacaq. İslahatçılar və Əhmədinejad dəstəsinə mənsub olan namizədlərin səlahiyyətlərinin təsdiqi az ehtimal edilir. Xamneyinin filtrindən keçən şəxslər prezidentliyə namizəd olacaqlar. Hazırda yaranan bu siyasi gərginlikdən belə görünür ki, Əli Xamneyi Əhmədinejad kimi birisinin prezdent olmasına meylli deyil və özünə əlavə problem yaratmaq istəmir. Xamneyi elə bir namizəd istəyir ki, tamamiilə itaətkar olsun. Xamneyiyə lap yaxın olan şəxs sabiq xarici işlər naziri Əli Əkbər Vilayətidi və 16 ilə yaxındı ki, onun beynəlxaq əlaqələr üzrə məsləhətçisidir. Ayətullah Xamneyi dünyada bir despot və diktator kimi tanınır. Seçkilərin nəticəsi onun istəyini nəzərə almadan və onun bu barədə fikrini öyrənmədən açıqlana bilməz. Xamneyinin bir səsi 75 milyon İran vətəndaşları sayılan insanların səsinə bərabərdi". Siyasi ekspert deyir ki, böyük ehtimalla, dini namizədi Əli Laricani yox, Əli Əkbər Vilayəti olacaq. Vilayəti xarici siyasət və dövlət idarəetməsində təcrübəli bir insan olsa da, mühafizəkar dairələri təmsil edir. Vilayəti prezident olarsa, hazırkı rejimin daha da möhkəmlənməsinə çalışacaq. Ondan islahat gözləmək əbəsdir. Mühafizəkarları təmsil etdiyindən Vilayəti İranın hazırkı xarici siyasət kursunu da dəyişə bilməyəcək. Bu isə sanksiyaların davam etməsi anlamına gəlir. Beynəlxalq sanksiyalar dayandırılmasa, İran iqtisadiyyatı çökməkdə davam edəcək.
Hüseyn Meşkinli