Qida Təhlükəsizliyi Agentliyi ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında anlaşma memorandumu imzalanıb
16 Noyabr 2018 13:41 İqtisadiyyatQida Təhlükəsizliyi Agentliyi ilə "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" Açıq Səhmdar Cəmiyyəti arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib. "OLAYLAR"-a Agentlikdən daxil olan məlumata görə, memorandumda dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması və ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, bu məqsədlə qida zəncirinin bütün mərhələlərində dövlət müəssisə və təşkilatlarının zəruri qida ehtiyaclarının təmin olunması istiqamətində xidmətlərin təşkili, göstərilən xidmətlər haqqında tərəflərin qarşılıqlı əməkdaşlığının həyata keçirilməsi əksini tapıb.
Memorandumu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sədr müavini Balarəhim Quliyev və "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Elşən Əsədov imzalayıblar.
İmzalanma mərasimində çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sədr müavini Balarəhim Quliyev bildirib ki, son illər Azərbaycanda həyata keçirilə sosial-iqtisadi islahatlar kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Bu baxımdan əhalinin təhlükəsiz qida ilə təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Memorandum tərəflərin qarşılıqlı əlaqələrinin gücləndirilməsində, bununla da əhalinin, o cümlədən dövlət müəssisə və təşkilatlarının təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsində əhəmiyyətli rol oynayacaq.
"Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Elşən Əsədov qeyd edib ki, aqrar sektorda tədarük zəncirinin formalaşdırılması, fermerlərin istehsal etdikləri məhsulların tədarük olunması istehsalçıları daha da stimullaşdırır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" Açıq Səhmdar Cəmiyyəti arasında imzalanan anlaşma memoradumu qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılmasını təmin edəcək.