Büdcə müzakirələri davam etdirilir
7 Noyabr 2018 13:03 İqtisadiyyatMilli Məclisin (MM) komitələrində 2019-cu ilin büdcə müzakirələri davam etdirilir."Olaylar"ın xəbərinə görə, bu dəfə daha 5 komitə-MM-in İnsan hüquqları, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də, Gənclər və idman komitələri birgə iclasda büdcəni müzakirə ediblər. İclasa vitse-spiker, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrlik edib. İclasa adıçəkilən komitələrin üzvləri ilə yanaşı, maliyyə naziri Samir Şərifov, Ombudsman Elmira Süleymanova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, həmçinin, digər nazirliklərin və dövlət qurumlarının rəhbər şəxsləri qatılıblar. B.Muradova deyib ki, 3 gündür büdcə müzakirələri aparılır: "Hesab edirəm ki, kifayət qədər faydalı və səmərəli müzakirələr gedib və getməkdədir. Müzakirələrdən də, elə təcrübədən də görünür ki, çoxsaylı suallar yaranır və onların cavablandırılması lazım gəlir. Odur ki, belə qərara gəldik ki, bugünkü iclasda da ilk öncə maliyyə naziri, sonra Hesablama Palatasının sədri çıxış etsinlər, daha sonra isə komiə sədrləri və millət vəkilləri öz fikirlərini bildirsinlər. Sonda da yaranan, ortaya çıxan suallar cavablandırılsın". Onun sözlərinə görə, 2019-cu ilin büdcəsi Azərbaycanın sürətli inkişafının göstəricisi kimi xarakterizə edilə bilər. Vitse-spiker bildirib ki, büdcə çox təkmil, çox mükəmməl və çox peşəkar səviyyədə hazırlanıb.