Ölkəmizdə biznes mühitinin inkişafı üçün həyata keçirilən islahatların bariz nəticəsi

"Doing Business-2019" reytinqində Azərbaycanın əhəmiyyətli dərəcədə irəliləyişini şərtləndirən amillərdən biri də budur

Azərbaycanın artan iqtisadi qüdrəti, inkişaf dinamikası ildən-ilə müsbət tendensiya ilə müşahidə edilməkdədir. Bütün sahələrdə həyata keçirilən məqsədyönlü siyasət və qazanılan uğurlar Azərbaycanla yanaşı ölkəmizdən kənarda da diqqətlə izlənilir, müşahidə olunur.  Və öz növbəsində bu müşahidələrin nəticəsi olaraq ortaya qoyulan dəyərləndirmələr birbaşa Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun, mövqelərinin möhkəmləndirilməsinə xidmət edir. Bir qayda olaraq gəlinən qənaət ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, öz dinamikliyi, rəqabət qabiliyyətliliyi, davamlılığı ilə seçilir. Burada diqqət çəkiləsi məqamlardan biri də ondan ibarətdir ki, aparılan araşdırmalar, dəərləndirmələrin nəticəsi olaraq gəlinən qənaətdə Azərbaycan dünyanın qabaqcıl ölkələri ilə bir sırada qərarlaşır, iqtisadi cəhətdən inkişaf edən ölkələr sırasında ilk sıralarda yer alır. Bir müddət əvvəl Dünya İqtisadi Forumunun apardığı araşdırma və gəlinən nəticə, bu günlərdə istər Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr arasında iqtisadi cəhətdən daha inkişaf edən dövlətlərin müəyyənləşdirilməsi məqsədilə açıqlanan reytinq, istərsə də "Dünya Bankının məşhur "Doing Business 2019" hesabatı və orada əksini tapan məqamlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı uğurlu inkişaf dövrünü yaşayır və bu inkişaf ildən-ilə öz müsbət dinamikası ilə seçilir.

Məlumat üçün qeyd edək ki, "Dünya Bankının məşhur "Doing Business 2019" hesabatında Azərbaycan qlobal olaraq 25-ci olmaqla, MDB ölkələri arasında ən yaxşı göstəriciyə malikdir. Belə ki, həmin hesabatda Qazaxıstan 28, Belarus 37, Ermənistan 41, Moldova 47, Qırğızıstan 70, Ukrayna 71, Özbəkistan 76-cı, qonşu Türkiyə 46-cı yerdədir. Eyni zamanda Azərbaycan 2017 -2018-ci illərdə ən çox islahat aparan 10 ölkədən biridir. Sözügedən hesabat və orada əksini tapan məqamlar birmənalı olaraq ekspertlər, iqtisadçılar tərəfindən müsbət dəyərləndirilir. 

Azərbaycanda Amerika Ticarət Palatası da ("AmCham Azərbaycan") ötən illə müqayisədə "Doing Business-2019" hesabatında Azərbaycanın 32 pillə yüksələrək reytinqdə 190 ölkə arasında 25-ci yerdə qərarlaşmasına münasibət bildirib. Palatanın icraçı direktoru xanım Natəvan Məmmədova qeyd edib ki, öz mövqeyini 25-ci yerə qədər yaxşılaşdırmış Azərbaycan rekord sayda - 8 islahat həyata keçirib. Bu, bütün ölkələr arasında ən yüksək göstəricidir: "Bu göstərici ölkəmizdə biznes mühitinin inkişafı üçün həyata keçirilən növbəti islahatların bariz nəticəsi, eyni zamanda Strateji Yol Xəritələrində qeyd edilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində əldə edilmiş növbəti nailiyyətdir".

Onun sözlərinə görə, sahibkarlığa dəstək məqsədilə aparılan islahatlar biznes mühitinin bütün sahələri, xüsusilə də biznesə başlama, tikinti üçün icazələrin alınması, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı və bir sıra başqa sahədə müsbət dəyişikliklərə şərait yaradıb: "Hesabatın nəticələri ölkəmizə daha çox xarici investisiyaların cəlb edilməsi üçün şərait yaradacaq. İnanırıq ki, iqtisadiyyatın rəqabətliliyinin artırılması və dayanıqlı inkişafı təmin edilməsi üçün iqtisadi islahatlar bundan sonra da davam etdiriləcək. Yaxın gələcəkdə Rəqabət Məcəlləsi, İnvestisiya Fəaliyyəti haqqında yeni qanunun qəbulu və gözlənilən vergi islahatları ölkəmizin biznes mühitinin inkişafına növbəti töhfə olacaq və beynəlxalq hesabatlarda Azərbaycanın reytinqinin daha da yüksəlməsinə rəvac verəcək".

Natəvan Məmmədova, həmçinin, "AmCham Azərbaycan"ın bu məqsədlə hökumətlə əməkdaşlıq etməyə və Palatanın öz təcrübə və biliklərini bölüşməyə hər zaman hazır olduğunu da ifadə edib: "AmCham Azərbaycan" ölkədə xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış "AmCham Azərbaycan" iqtisadiyyatın hər bir sektorunda fəalliyyət göstərən 280-dən çox üzv və köməkçini özünü birləşdirir. "AmCham Azərbaycan" ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31