"Azərbaycanda sürətli sosial-iqtisadi islahatlara start verilib" — Vahid Əhmədov

"Dünya Bankı tərəfindən hazırlanan "Doing Business - 2019" reytinq cədvəlində Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəlməsi ölkəmizdə aparılan islahatlarla əlaqədardır".

Bu fikirləri  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib. 

V.Əhmədov deyib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda sürətli sosial-iqtisadi islahatlara start verilib:

"Bunun nəticəsidir ki, bir sıra maneələr aradan qaldırılır. Azərbaycanda sahibkarların normal fəaliyyəti üçün çox vacib addımlar atılıb. Misal üçün, Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin və digər bir sıra qurumların fəaliyyətilə bağlı islahatlar həyata keçirilir. Bu gün Dövlət Gömrük Komitəsində şəffaflıq tam təmin edilib. Artıq sahibkarlar ciddi problemlərlə üzləşmir. Eyni zamanda Vergilər Nazirliyi ilə bağlı da çox ciddi dəyişikliklər hazırlanır. Bu işlər 2019-cu ildə həyata keçiriləcək".

Deputat qeyd edib ki, bölgələrdə "ASAN Xidmət" mərkəzlərinin fəaliyyət göstərməsi əhali tərəfindən yüksək rəğbətlə qarşılanır: 

"Hamı bilir ki, "ASAN Xidmət"də korrupsiya halları mövcud deyil, əskinə, yüksək şəffaflıq yaradılıb. Hesab edirəm ki, Azərbaycanın bütün qurumları fəaliyyətlərini bu cür qurmalıdır. Yəni, bu prosesi davam etdirmək lazımdır. Hazırda bu istiqamətdə bir sıra işlər görülür. Təbii ki, bu da Azərbaycanda sahibkarlığın və biznesin inkişafı üçün əlverişli imkanlar yaradacaq. Bütün bunlar olan zaman Azərbaycan beynəlxalq reytinq cədvəllərində daha da müsbətə doğru irəliləyəcək".

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31