Energetika naziri Qazaxıstanda bir sıra görüşlər keçirib
31 Oktyabr 2018 17:44 İqtisadiyyatAzərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası çərçivəsində Astanada səfərdə olan energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib. "OLAYLAR"-a nazirlikdən bildirilib ki, Pərviz Şahbazovu Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek qəbul edib. Görüşdə iki ölkə arasında mədəni-tarixi əlaqələrin enerji-nəqliyyat layihələri ilə möhkəmlənərək inkişaf etdiyi, bütün sahələr üzrə yüksək əməkdaşlıq münasibətlərinin mövcudluğu qeyd edilib.Energetika naziri hər iki ölkə prezidentlərinin mütəmadi görüşlərinin ölkələr arasında əməkdaşlığa böyük töhfə verdiyini söyləyib. Cari ilin 9 ayı ərzində ticarət dövriyyəsi və idxal-ixrac əməliyyatlarında artımın olmasını qarşıya qoyulmuş vəzifələrin icrasının göstəricisi kimi qiymətləndirib. Əməkdaşlıq üçün perspektiv istiqamətlərdən bəhs edib. Nazir İpək Yolu üzərində yerləşən ölkələr kimi Azərbaycan və Qazaxıstanın nəqlliyyat sahəsində yeni layihələr həyata keçirmək, kənd təsərrüfatı, turizm, hava nəqliyyat, müdafiə sənayesi və gəmiqayırma sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek bütün sahələr üzrə əməkdaşlıq potensialından istifadəyə hazır olduqlarını, Bakı-Tbilsi-Qars dəmir yolu vasitəsilə böyük həcmlərdə yükdaşımalarına və kənd təsərrüfatı, xüsusilə tərəvəz məhsullarının idxalına maraq göstərdiklərini bildirib.
Görüşdə Qazaxıstanda turizm və ticarət evlərinin açılması məsələsi də müzakirə edilib.