Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçirilib
31 Oktyabr 2018 17:36 İqtisadiyyatAzərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak etmək məqsədilə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Astanada səfərdədir. "OLAYLAR"-a Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdən əvvəl Azərbaycan və Qazaxıstan energetika nazirləri Pərviz Şahbazov və Kanat Bozumbayev arasında ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında münasibətlərdə son 26 il ərzində əldə edilmiş nailiyyətlər, dövlət başçılarının səyləri nəticəsində bütün sahələr üzrə müşahidə olunan inkişaf dinamikasından bəhs edilib.Hökumətlərarası Komissiya çərçivəsində görülən işlərin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına xidmət edəcəyi bildirilib.
Sonra energetika nazirləri Pərviz Şahbazov və Kanat Bozumbayevin həmsədrliyi ilə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-cü iclası keçirilib. Qazaxıstanın energetika naziri, komissiyanın həmsədri Kanat Bozumbayev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təbriklərini çatdırıb. Bu illər ərzində Azərbaycanın uzun bir inkişaf yolu keçərək beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrildiyini söyləyib. Kanat Bozumbayev iki ölkə münasibətlərinin hərtərəfli inkişafında Birgə Hökumətlərarası Komissiyanın rolundan danışaraq, bugünkü iclasın əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar yaradacağını söyləyib.
İclasda Hökumətlərarası Komissiyanın 2017-ci il dekabrın 7-də Bakıda keçirilmiş 14-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər müzakirə edilib.
İclasda həmçinin nəqliyyat sahəsində əməkdaşlığa da geniş toxunulub.Bakı-Tbilisi-Qars dəmir yolu,Bakı Beynəlxalq Dəniz nəqliyyat sahəsində əlaqələrin güclənməsinə təkan verdiyi qeyd olunub. Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlərin davam etdirilməsi qərara alınıb.
Bundan başqa kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, gənclər və idman, dövlət qulluğu, əqli mülkiyyət, müqavilə-hüquqi bazanın inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyasının 15-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayev imzalayıblar.