Yarmarkada 100 tondan çox bal satılıb
29 Oktyabr 2018 14:24 İqtisadiyyat5-28 oktyabr tarixlərində Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkası başa çatıb. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş yarmarkaya Azərbaycanın bütün iqtisadi rayonlarından 380-ə yaxın arıçı qatılıb: "Ümumilikdə yarmarkaya çıxarılmaq üçün 150 ton süzmə bal təqdim olunub. Bal nümunələrindən götürülən laborator analizlər nəticəsində 30 tona yaxın balın keyfiyyətinin standartlardan aşağı olduğu müəyyənləşib və həmin məhsulların yarmarkada satışına icazə verilməyib. Yarmarka ərzində anbarda saxlanan 120 ton balın 116 tonu arıçıların gündəlik sifarişləri əsasında satışa buraxılıb. Aparılan gündəlik monitorinqlər nəticəsində yarmarkanın gedişində 100 tondan artıq balın satıldığı müəyyənləşib".