Sabirabadda regional müşavirə keçirilib
26 oktyabr 2018-ci il tarixdə Sabirabad rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən “Aran iqtisadi zonasında fitosanitar vəziyyət, əkin sahələrinə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması” mövzusunda regional müşavirə keçirilib
26 Oktyabr 2018 15:34 İqtisadiyyat26 oktyabr 2018-ci il tarixdə Sabirabad rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən "Aran iqtisadi zonasında fitosanitar vəziyyət, əkin sahələrinə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması" mövzusunda regional müşavirə keçirilib.
Nazirlikdən "Olaylar"a bildirilib ki, "Respublikada aqrokimyəvi xidmətin yaxşılaşdırılması və fitosanitar vəziyyətin təhlili" mövzusunda çıxış edən Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov əvvəlcə regional aqrokimya laboratoriyalarının yaradılmasının zəruriliyi barədə qısa məlumat verib. Bildirib ki, torpaq mülkiyyətçiləri və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 11 regional aqrokimya laboratoriyası yaradılıb: "Kənd Təsərrüfatı Nazirliyinin 13 avqust 2016-cı il tarixli Kollegiya Qərarına əsasən regional aqrokimya laboratoriyalarının idarəçiliyi Dövlət Fitosanitar Xidmətinə tapşırılıb. Artıq Abşeron regional aqrokimya laboraoriyasının bazasında Respublika Aqrokimya Mərkəzinin yaradılması təklif olunub. Regional aqrokimya laboratoriyaları yeni tikilmiş binalarda yerləşdirilib. Abşeron Regional Aqrokimya Laboratoriyasında tikinti işləri son tamamlanma ərəfəsindədir. Digər aqrokimya laboratoriyalarında cihaz və avadanlıqların quraşdırılması işləri tamamlanıb. Artıq Göygöl, Quba, Ucar, Şamaxı, Tovuz, Bərdə və Lənkəran regional aqrokimya laboratoriyalarında torpaq, suvarma suyu və bitki nümunələrinin aqrokimyəvi analizləri aparılır".