Bakının Ümumdünya Ekspo 2025 sərgisinə namizədliyi təqdim edilib
26 Oktyabr 2018 14:21 İqtisadiyyatƏddis Əbəbədə Afrika İttifaqının mənzil-qərargahında Bakı şəhərinin "EXPO 2025" çərçivəsində namizədliyinin, ölkəmizin Qoşulmama Hərəkatında (QH) qarşıdan gələn sədrliyinin prioritetləri və Azərbaycanın beynəlxalq inkişafa yardımı çərçivəsində Afrika qitəsində fəaliyyətinə dair geniş təqdimat mərasimi təşkil edilib. Ekspo 2025 Bakı əməliyyat katibliyindən "OLAYLAR"-a bildirilib ki, tədbiri giriş sözü ilə açan səfir Elman Abdullayev Bakı şəhərinin "EXPO 2025" çərçivəsində namizədliyinin irəli sürülməsinin inkişaf etməkdə olan dövlətlərin və xüsusilə, Afrika dövlətlərinin əsas problemlərinin həllində həmrəyliyin nümayiş etdirilməsi və insan kapitalının inkişafı, təhsil, sosial məsələlər kimi mövzuları əhatə edən tərəfdaşlıq əlaqələrinin yaradılması məqsədi daşıdığını qeyd edib. Səfir E.Abdullayev "EXPO 2025" çərçivəsində ölkəmizin fəaliyyətinin BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uzlaşmasına yönəldiyini bildirib.
Azərbaycanın Qoşulmama Hərəkatında qarşıdan gələn sədrliyi dönəmində ölkəmizin Afrika və digər Cənub ölkələri üçün önəmli məsələlərin Hərəkatın gündəliyində əks olunmasının ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini iştirakçıların diqqətinə çatdırıb. Səfir E.Abdullayev əhalinin rifahının yaxşılaşdırılması sahəsindəki xidmətlərinə görə və Minilliyin İnkişafı Məqsədlərinin uğurlu tətbiqinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Cənub-Cənub Mükafatına layiq görüldüyünü qeyd edərək, Cənub ölkələrinin nəhəng potensialının səmərəli istifadəsi üçün Azərbaycanın digər QH ölkələri ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.
Tədbirdə əsas qonaq qismində çıxış edən Afrika İttifaqı Komissiyasının Sədr müavini Tomas Kwesi Quartey Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində fəal iştirakını alqışlamış və Afrika ölkələrinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Sədr müavini QH-nin fəaliyyətinin ümumi məqsədlərə nail olunması istiqamətində qurulması üçün geniş potensialın olduğunu qeyd edib və Afrika İttifaqı Komissiyasının bu istiqamətdə Azərbaycan Respublikası ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Təqdimat mərasiminin sonunda Səfir E.Abdullayev Afrika İttifaqının Komissiyasının rəhbərliyinə və digər qonaqlara iştiraka görə təşəkkür edərək, diplomatik korpusun tədbiridə fəal iştirakını Afrika dövlətlərinin ölkəmizlə münasibətlərinə, QH çərçivəsində əməkdaşlığa verilən dəyərin göstəricisi olduğunu bildirib. Tədbirin ikinci hissəsində efiopiyalı müğənnin ifasında Afrika musiqiləri canlı ifa edilib və ölkəmizə aid tanıtım videoları nümayiş etdirilib, iştirakçılara ziyafət verilib.