Enerjinin tənzimlənməsinə dair əsas fəaliyyət istiqamətləri müzakirə olunur
24 Oktyabr 2018 13:50 İqtisadiyyatBakıda Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Rumıniya Enerji Məsələlərini Tənzimləmə Təşkilatının (ANRE) birgə iştirakı ilə "Enerjinin tənzimlənməsinə dair əsas fəaliyyət istiqamətləri" adlı üçgünlük seminar öz işinə başlayıb. Energetika Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbir enerji sektorunda aparılan islahatlara dəstək məqsədilə enerji ilə bağlı proseslərin tənzimlənməsində beynəlxalq təcrübənin öyrənilməsi çərçivəsində keçirilir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov deyib ki, təmsil etdiyi qurum hazırda ölkədə kommunal xidmət səviyyəsinin yaxşılaşdırılması, dünya standartlarına uyğunlaşdırılması, enerji sektorunda restrukturizasiyanın aparılması, bazar münasibətlərinin tənzimlənməsi, istehlakçılar üçün fasiləsiz və keyfiyyətli enerji təchizatının təmin edilməsinə çalışır: "Bu hədəflərə çatmaq üçün biz bu sahədə müsbət təcrübəyə və biliyə malik ölkələrlə əməkdaşlıq edirik. Bu baxımdan bu günkü tədbir vasitəsi ilə Rumıniya Enerji Məsələlərini Tənzimləmə Təşkilatı qabaqcıl təcrübənin öyrənilməsinə və bizim üçün yeni olan bu fəaliyyət sahəsinin qurulmasına töhfə verəcəkdir."
Rumıniya Enerji Məsələlərini Tənzimləmə Təşkilatının (ANRE) prezidenti Dumitru Kiritsa isə təşkilatın fəaliyyətindən, enerji sektorunun tənzimləmə prosesinin həyata keçirilməsi üçün vacib şərtlərdən danışıb.
Sonra enerjinin istehsalı, ötürülməsi və paylanması sahələrinin bir-birindən ayrılması, enerji sektorunun restrukturizasiyası, özəlləşdirilməsi və liberallaşdırılması, həmçinin elektrik enerjisi və qazın nəqli ilə bağlı tarif metodologiyası ətrafında müzakirələr aparılıb.