Qobustanda regional müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən Qobustan rayonunda "Dağlıq Şirvan bölgəsində fitosanitar vəziyyət, taxıl bitkilərinə ziyan vuran orqanizmlər əleyhinə mübarizənin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər" mövzusunda regional müşavirə keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov müşavirəni açaraq, 2018-ci ildə rayonda kənd təsərrüfatının inkişafı sahəsində qazanılan nailiyyətlər barədə məlumat verib. Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov "Xüsusi təhlükəli və yüksək risk dərəcəsi yaradan orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və fitosanitar vəziyyətin təhlili" mövzusunda çıxış edib. Xidmət rəisi deyib ki, FAO-nun illik hesabatlarına əsasən, hər il zərərli orqanizmlərin təsirindən dünyada 35-40% məhsul itkisi baş verir ki, bu itki aclıq çəkən Afrika ölkələrinin tamamilə kənd təsərrüfatı məhsulları və ərzaqla tam təmin olunması deməkdir: "Hər bir təsərrüfat subyektinin, eləcə də fermerin qarşıya qoymuş olduğu əsas məsələ yüksək məhsul əldə edlməsinə yönəlmiş innovativ texnologiyaların tətbiqi ilə yanaşı, zərərverici və xəstəliklərlə mübarizənin düzgün təşkil edilməsindən ibarətdir. Bunun üçün əvvəlcədən kompleks tədbirlər sisteminin və bu tədbirlər sisteminin tərkib hissəsi olan müasir dövrün əsas mübarizə forması - inteqrir mübarizənin taxıl  bitkilərinə xas texnoloji xəritəsinin işlənib hazırlanmasıdır. Bu zaman zərərli orqanizmlərin fenologiyası ilə mədəni bitkinin inkişaf fenologiyası və aqrometeroloji parametrlərin düzgün uzlaşdırılması mütləqdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31