Türkiyə ilə Azərbaycan arasında münasibətlər dünyaya bir nümunədir
23 Oktyabr 2018 17:21 İqtisadiyyat"İzmirdə "Star" neft emalı zavodunun açılışı, həmçinin digər birgə layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının nə qədər möhkəm olduğunu göstərir". "OLAYLAR" yap.org.az-a istinadən xəbər verir ki. Bu fikirləri millət vəkili Cavid Osmanov səsləndirib. O. bildirib ki, bu cür nəhəng layihələr yalnız dövlətlər arasında münasibətlər ən yüksək səviyyədə olduğu, həmin dövlətlərin liderləri güclü siyasi iradə nümayiş etdirdiyi halda reallaşa bilir: "Bu gün Türkiyə ilə Azərbaycan arasında münasibətlər dünyaya bir nümunədir, hər iki ölkənin liderləri birgə nəhəng layihələrin həyata keçirilməsi üçün böyük siyasi iradə nümayiş etdirirlər. Bunun nəticəsi kimi, Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən layihələr dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır, hər iki ölkənin dünyada nüfuzunu daha da artırır. Bu cür layihələr siyasi dividendlərlə yanaşı, hər iki ölkənin iqtisadiyyatının daha da güclənməsinə, vətəndaşlarının rifahının daha da yaxşılaşmasına xidmət edir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə söykənir. Bu gün ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyədədir. Bununla yanaşı, Azərbaycan həmişə Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub. Bunun nəticəsidir ki, bu gün iki ölkə birlikdə böyük işlər həyata keçirir".