19 dövlət əmlakı özəlləşdirildi
23 Oktyabr 2018 15:58 İqtisadiyyatƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 23-də keçirilən hərracda vətəndaş aktivliyi müşahidə olunub. Komitədən "Olaylar"a verilən məlumata görə, bu dəfə prosesdə ümumilikdə 19 dövlət əmlakı özəlləşdirilib. Onlardan 5-i kiçik dövlət müəssisə və obyekti, 8-i qeyri-yaşayış, 1-i yarımçıq tikili, 5-i isə nəqliyyat vasitəsidir. Məlumatda bildirilir ki,
vətəndaşların marağına səbəb olan kiçik dövlət müəssisə və obyektləri respublikanın rayon və şəhərlərində yerləşir. Oğuz şəhərində geniş torpaq sahəsinə malik Tütün anbarının ümumi faydalı sahəsi 1659.2 kv.m-dir. Dövlət əmlakının yenidən qurulması və ya fəaliyyətinin bərpası onu sahibi üçün gəlirli sahəyə çevirə bilər. Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsində yerləşən Əmlak kompleksi də qazanclı biznes üçün münasibdir. Ümumi faydalı sahəsi 237,2 kv.m olan bu dövlət obyekti torpaq sahəsi ilə birgə özəlləşdirildi. Cəlilabadda Tara müəssisəsi, Mingəçevirdə yardımçı təsərrüfat, Lənkəranda qeyri-yaşayış binası kimi əmlaklar da bu hərracda öz sahibini tapdı.
Xidmət obyekti kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahələri bu hərracda da vətəndaşları özünə cəlb edə bilib. Paytaxtdakı qeyri-yaşayış sahələri Nəsimi, Səbail və Binəqədi rayonlarında yerləşir. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracında rəqabətli mühit müşahidə olundu. İlkin qiymət 5 min manat təyin olunan bu obyektə qalib iştirakçı 5 min 100 manat təklif etdi. Rayonlar üzrə özəlləşən qeyri-yaşayış sahələrindən biri Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 12/1 ünvanında yerləşir. Ümumi faydalı sahəsi 89.3 kv.m olan bu obyektə iştirakçi 12 min 500 manat təklif etdi. Avtomobil almaq arzusunda olanlar isə seçimlərini dövlət əmlakları üzrə edərək, hərracda iştirak etdilər. Özəlləşdirilən Daewoo Nexia və Kia Optima markalı nəqliyyat vasitələrinin buraxılış tarixləri 2005-ci ildir.