Bazarlarda qiymətlər “od tutub yanır” - ARAŞDIRMA

Qeyri-rəsmi rüsumlar qiymət artımına təsir edir

Ölkənin əksər ticarət şəbəkələrində qiymətlərin artması müşahidə olunur. Baş verən bahalaşma demək olar ki, bütün növ məhsullar üzrə qeydə alınmaqdadır. Yeni il ərəfəsi qiymətlərdə baş verən artım hələ də davam etməkdədir. Son günlər nəzərəçarpacaq dərəcədə baş verən qiymət artımı ilkin olaraq siqaret məhsullarından gəldi. Təbii ki, siqaretin bahalaşmasının iqtisadi əsaslarının açıqlanmaması digər növ məhsullara da sirayət edib. Artıq demək olar ki, ölkədə bütün növ məhsulların qiymətində artım müşahidə olunmaqdadır. Hətta insanların gündəlik istehlak etdiyi çörək və çörək məmulatlarının qiymətlərində yüksəliş qeydə alınıb. Bu artım rəsmi səviyyədə də təsdiqini tapmaqdadır. Belə ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2013-cü ilin yanvar ayında ərzaq məhsullarının qiymətlərinin 0,6 faiz, qeyri-ərzaq mallarının isə  0,1 faiz artımı qeydə alınıb. Əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla müqayisədə 3,0 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,2 faiz bahalaşmasına səbəb olub.  Konkret olaraq çörəyin, makaron məmulatlarının, təzə balığın, zeytun yağının, xamanın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, şabalıdın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun, kələmin qiymətlərində bahalaşma müşahidə olunub. Bu bahalaşma qeyri-ərzaq mallarından da yan keçməyib. Rəsmi məlumata görə,  qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarından sulu boyanın, parket və laminat parketin, mebellərdən mətbəxt üçün mebel dəstinin, mətbəx üçün stolun, təzyiq ölçmək üçün aparatın, zərgərlik məmulatlarının qiymətləri bahalaşıb. Paytaxtın əksər iri ticarət mərkəzlərində qiymətlərin 50-70 faiz endirilməsilə bağlı elanın olmasına baxmayaraq reallıqda qiymətlər əvvəlki aylarla müqayisədə xeyli bahadır. Qış mövsumunun iki ayının geridə qalmasına baxmayaraq mövsümi malların qiymətində enmə müşahidə olunmur. Hazırda adi manto və gödəkçələri 100-150, ayaqqabı və cins şalvarları 20-50 manatdan aşağı almaq qeyri-mümkündür.

Ay ərzində ən çox qiymət artımı kənd təsərrüfatı məhsullarında baş verib. Belə ki, yanvar ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,6 faiz artıb. Birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 3,1 və 1,3 faiz qalxıb.  Konkret olaraq buğdanın istehsalçı qiymətləri 0,1, arpanın 0,5, göyərtilərin 2,0, kartofun 11,9, pomidorun 0,4 faiz bahalaşması baş verib. İndi göy sarımsağın bir ədədinin qiyməti 50-70 qəpik arasında dəyişir. Onu da qeyd edək ki, qarşıdan Novruz bayramının gəlişi də qiymətlərə öz təsirini göstərib. İndidən qozun qiyməti 1,0, fındığın 5,4, şabalıdın  qiyməti 13,9 faiz bahalaşıb. Bazarlarda qoz və fındıq ləpələri müvafiq olaraq 10-15 manata təklif olunur. Həmçinin balıq və balıqçılıq məhsullarından diri balığın  qiymətində 1,5 faiz bahalaşma müşahidə olunur.

Ət və ət məhsullarında da qiymət artımı davam etməkdədir. Rəsmi statistik məlumata əsasən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,3 faiz bahalaşıb. Belə ki, diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,7, camışın 0,6, hind toyuğunun 3,7 faiz, mal və qoyun ətinin  müvafiq olaraq 0,3 və 1,2 faiz, quş ətinin 2,0 faiz, südün 0,5 faiz bahalaşıb.  Hazırda bazarlarda diri toyuq 15-25, hind toyuğu 35-45 manata, mal əti 8-10, qoyun əti isə 10-12 manata satılır. Onu da qeyd edək ki, bazarda qiymətini sabit saхlayan məhsullardan biri də ət və ət məhsullarıdır. Məsələ orasındadır ki, paytaxtda təşkil edilən kənd təsərrüfatı məhsullarının yarmarkası da qiymətlərin enməsinə elə bir təsir göstərməyib. Əksin, yarmarkaların özündə qiymət artımı qeydə alınıb. Araşdırmalar zamanı bəlli oldu ki, qiymət artımı sərinləşdirici və spirtli içkilərdə də çaş verib, restoran və şadlıq evlərində də qiymətlər dəyişib.

Ekspertlərin fikrincə, bazarlarda  qiymət artımına təsir edən bir sıra amillər var ki, onların qətiyyən iqtisadi əsası yoхdur. Belə amillərdən ən təhlükəsi və dərin kök salanı inhisarçılıq və nəzarət siseminin olmamasıdır. Ölkədə liberal iqtisadiyyatın olması o demək deyil ki, satışa çıхarılan məhsullara istənilən fantastik qiymət qoyulsun. Satışa çıхarılan məhsul əhalinin alıcılıq qabiliyətinə və vətəndaşların ailə büdcəsinə uyğun olmalıdır. Ancaq maraqlı faktdır ki, bizdə bahalı kənd təsərrüfatı məhsulları bazarlarda çürüdülərək zibilliyə atılır, ancaq ucuzlaşma prosesi baş vermir. Əksinə, xaricdən idxal edilmiş kənd təsərrüfatı məhsulları əhaliyə fantastuk qiymətlə təklif olunur.  Belə halların müşahidə olunması doğrudan da kənd təsərrüfatı məhsullar üzərində inşisarçılığın mövcudluğunu təsdiq edir. Qiymət artımına həm də iri ticarət mərkəzlərində tətbiq edilən qeyri-qanunu rüsumlar təsir etməkdədir. Rüsumların çoxluğu, yer pullarının fantastik həddə olması təbii ki, qiymətlərə öz təsirini göstərir.  Aidiyyati qurumlar isə demək olar ki, nəzarət funksiyalarını qətiyyən işə salmaq niyyətində deyillər.  Qiymət artımına təsir edən digər amil məhsul qıtlığıdır ki, hazırda bazarlarda belə vəziyyət sezilməkdədir.  Hava şəraitinin sərt keçməsi ilə əlaqədar ötən illərdən fərqli olaraq bu il kənd təsərrufatı məhsullarında qıtlıq qeydə alınmaqdadır. Bəzi kənd təsərrüfatı məhsullarının qeybə çəkilməsi digər məhsulların isə həddən artıq çoх olması qiymətlərin müəyyn mənada tənzimlənməsində elə də böyük rol oynaya bilmir. Bunun nəticəsidir ki, bazarlarda kənd təsərrüfatı məhsullarının hazırki qiyməti istehlakçıların alıcılıq qabiliyətinə uyğun deyil. Qarşıdan Novruz bayramının gəlişini nəzərə alsaq qiymətlərin bir qədər də artacağını təxmin edə bilərik. Baxmayaraq ki, Dövlət Statistika Komitəsi 2013-cü il üçün infilyasiya həddinin 1.1 faiz təşkil edəcəyi barədə rəcmi açıqlama yayıb.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31