2013-cü ildə böhran İranın humanitar sektorlarını da vuracaq

Vüqar Bayramov: “ABŞ-ın son tətbiq etdiyi sanksiyalar İran iqtisadiyyatındakı tənəzzül dalğasının güclənməsinə təkan verəcək”

ABŞ  İranın Radio Televiziya Qurumu və daha 3 təşkilatına da yeni sanksiya tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin rəsmisi David Kohen İrana qarşı sanksiyaların bundan sonra da davam etdiriləcəyini bildirib. "2012-ci ilin yekunlarına görə İrana tətbiq edilən sanksiyalardan İran iqtisadiyyatı 50 milyard dollar itirib. İran ixracatını əsasən Aİ ilə həyata keçirirdi. Sanksiyalardan əvvəl İran Aİ dövlətlərinə 750 min barrel neft ixrac edirdi" deyən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə İran öz neft bazarını Çin və digər Asiya ölkələrilə dəyişməyə məcbur olub: "Buna görə də İranın milli valyutası dollara nisbətdə hər gün dəyər itirir. ABŞ-ın İranın televiziya sektoruna tətbiq etdiyi sanksiyalar da öz mənfi təsirini göstərəcək. İran iqtisadiyyatının tənəzzülü 2013-cü il ərzində də davam edəcək. İran banklarının xarici filiallarına qoyulan qadağalar dövlətin ixrac qabiliyyətini getdikcə aşağı salır. Praktiki olaraq ixrac qabiliyyətinin geriləməsi İrana daxil olan valyutanın kütləsinin kəskin azalmasına gətirib çıxarır. Faktiki olaraq embarqolara görə İranda bu gün valyuta qıtlığı var, bu da özünü məhz iqtisadi tənəzzüldə göstərir. 2013-cü ildə böhran İranın humanitar sektorlarını da vuracaq. İl ərzində milli valyutanın düşməsi prosesi daha da sürətlənəcək. ABŞ-ın son tətbiq etdiyi sanksiyalar İran iqtisadiyyatındakı tənəzzül dalğasının güclənməsinə təkan verəcək" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31